Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda qızılca niyə tüğyan edir? - Həkim ŞOK FAKTLAR açıqladı

Azərbaycanda qızılca niyə tüğyan edir? - Həkim ŞOK FAKTLAR açıqladı


Azərbaycanda geniş yayılan qızılca xəstəliyi hər kəsi narahat etməyə başlayıb. Səhiyyə Nazirliyi valideynlərə uşaqları peyvənd etmələri barədə dəfələrlə xəbərdarlıq edib. Lakin buna baxmayaraq bir çox valideyn peyvənddən imtina edir.

Bəzi valideynlər iddia edir ki, peyvənddən sonra uşaqlarında hansısa bir problem yaranır. Onların sözünə görə, poliklinikalarda heç bir uşaq müayinə olunmur. Əgər uşaqda qızdırma, qrip, öskürək yoxdursa, peyvənd edilir. Hətta dövlət xəstəxanalarında Hindistandan və yaxud Çindən gətirilən peyvəndlər uşağa vurulmasın deyə, özəl xəstəxanalara üz tutanların sayı da artmaqdadır.

Bəs görəsən, həqiqətən də peyvəndlərin yan təsiri var? Peyvəndləşmədən əvvəl uşaqda hər hansı bir problemin olub-olmaması barədə analiz aparılmalıdırmı? Peyvəndin hansı ölkənin istehsalı olması bir rol oynayırmı?

Publika.az-ın əməkdaşı mövzu ilə bağlı həkim-pediatr Vaqif Qarayevin fikirlərini öyrənib.

Həkim bildirib ki, bu fikirdə olan valideynlər tək poliklinikalarda olmur. Onun sözlərinə görə, uşaq müayinə olunmamış peyvəndə icazə verilə bilməz:

"Ən çox peyvənd bir yaşına qədər uşaqlara olunur. Bu yaşda olunan peyvənd uşağı gələcəkdə təhlükəli infeksiyalardan qoruyur. Məsələn, AKDS adında peyvənd var ki, bir yaşına qədər uşaqlara 3 dəfə vurulur. Onsuz da bir yaşına qədər uşaqlar aybaay həkim müayinəsindən keçir. Onun çəkisi, boyu, qidalanması və s. haqqında həkimlər məsləhət verirlər. Pediatr öz uşağını tanıyır. "Uşaqları hansısa həkim müayinə etməmiş peyvənd edir" iddiasına mən inanmıram.

Qızılca epidemiyası yayılandan, hətta ondan əvvəl uşaqlarını müayinəyə gətirən valideynlərdən soruşanda ki, uşaq peyvən olub? Bəzi valideynlər yox cavabını verirlər. Niyə olunmayıb?- soruşanda isə deyirlər bilmirəm. Valideyn səbəbini bilmir. Ən çox eşitdiyim cavab budur. İkinci cavabları isə bu olur ki, "dedilər ziyandır".

Qızılca epidemiyası yayılandan həmin valideynlər peşman olur və həyəcanla soruşurlar ki, necə edək ki, uşağımız qızılca olmasın? Bunun yeganə cavabı budur. Peyvənd olunmaq. Uşaqları qızılcadan peyvənd qoruyur.

Peyvənddən imtina edəndə epidemiya başlayır. Burada sual yaranır ki, səhiyyə qurumu həmin imtinanın qarşısını almaq üçün nə edib?

Mənim tanıdığım sahə həkimləri var ki, onların sayəsində uşaqlar peyvənd olunur. Amma elə pediatrlar da var ki, onların sayəsində heç bir uşaq da peyvənd olunmayıb. İstənilən halda uşağın sağlamlığının məsuliyyəti valideynin üzərinə düşür. Mən inanmıram ki, hansısa sahə pediatrı peyvənd haqqında valideyni məlumatlandırmasın.

Mütləq deyilir ki, uşaqlarınızı vaxtlı-vaxtında peyvənd elətdirin. Ona görə də, mən əsas valideynləri qınamaq istəyirəm. Çünki özüm də valideynlərlə işləyirəm və peyvənd haqqında nə fikirdə olduqlarını görürəm.

Onlardan "peyvəndin ziyanı nədir?" soruşanda dəqiq bir cavab vermirlər. Sadəcə deyirlər ki, ziyandır, qonşu deyib, qayınanam deyib, sosial şəbəkələrdə oxumuşam və s.

Mən peyvənd haqqında illərdir yazıram. Son dərəcə radikal mövqeli valideynlər var. Şərhlərdə mənə yazırlar ki, niyə peyvəndi təbliğ edirsiniz? Ziyandır, uşağı əlil edir. Ancaq heç bir mənbə göstərmirlər.

Bir mənbə göstərin ki, dünyada tanınmış elmi mərkəzlərdən, laboratoriyalardan, pediatrlardan bir mənbə göstərin ki, peyvənd uşağı əlli edir. Yoxdur. Tutaq ki, hansısa xarici ölkədə yaşayan bir həkim sosial şəbəkədə yazır ki, peyvənd ziyandır. Onu başlayırlar tirajlamağa.

Mən təklif edirəm Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərəsiniz ki, 2023-cü ildə uşaq kontingentin neçə faizi peyvənd olunub?

Ümumilikdə neçə faizi peyvənd olunub və neçə faizi peyvənd olunmayıb? Peyvənd olunmayanlar nə üçün olunmayıb? Səbəbini göstərsinlər. Ancaq bunu etmirlər.

Söhbət təkcə qızılcadan getmir. Hazırda göy öskürək də yayılıb ki, bu da peyvənd tələb edən bir xəstəlikdir. Dünya o qədər qloballaşıb ki, hansısa epidemiyanın yayılmayacağına heç kim zəmanət verə bilmir.

Dünyanın heç yerində peyvənddən əvvəl analiz tələb olunmur. Bizimkilər hətta genetik səviyyədə analiz tələb edirlər. Dediyim kimi, sahə həkimi öz sahəsində olan uşağını tanıyır. Uşağın hər hansı irsi, xroniki xəstəliyi varsa, həmin uşağa peyvənd vurulmur. Buna görə hansısa analizə ehtiyac qalmır.

Bu, sadəcə peyvənddən imtina üçün valideynlərin bəhanəsidir. Bu vaksin Hindistandan gəlir və yaxud başqa bir ölkədən, buna görə də peyvənddən imtina etmək məntiqsizdir. Yəni ölkənin əhəmiyyəti yoxdur. ÜST standartı ilə təsdiq olunmuş bütün vaksinlərdən istifadə etmək olar”.

Sonda həkim xüsusi olaraq vurğuladı ki, bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır:

“Çünki kimsə uşağını peyvənd elətdirmirsə, həmin uşaq yoluxanda mənim də uşağımı yoluxdurur. Həmin şəxs artıq mənim də hüququmu pozmuş olur. Onun peyvənd elətdirməmək hüququ mənim uşağımın sağlamlıq hüququnu əlindən almış olur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ