Məktəb rəhbərliyinin qanunsuzluqlarına niyə göz yumulur?
Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində son dövrlər baş verən hadisələr təhsil prosesinin sağlam və ədalətli təşkilinə ciddi kölgə salır. 07.02.2025–24.02.2025-ci il tarixlərində məktəbdə direktor vəzifəsinin icra olunmaması idarəetmədə boşluq yaratmış, müəllim və şagirdlər arasında çaşqınlığa səbəb olmuşdur. Bu müddətdən sonra rəhbərlik müvəqqəti qaydada həvalə edilsə də, növbəti tədris ilində yenidən əvvəlki mübahisəli qərarların davam etməsi narazılıqları artırmışdır.
2025–2026-cı tədris ilində direktor vəzifəsinə təyinatla bağlı verilən əvvəlki açıqlamaların əksinə qərar qəbul olunması məktəb kollektivində suallar doğurmuşdur. İddialara görə, bəzi yuxarı siniflərdə – xüsusilə 8-ci, 9-cu, 10ª, 10b və 11-ci siniflərdə davamiyyət zəifdir və seçilmiş şagirdlərə güzəşt tətbiq olunur. Müəllim övladlarına və müəyyən şəxslərə fərqli yanaşma göstərilməsi barədə səsləndirilən fikirlər təhsil mühitində bərabərlik prinsipinin pozulması ilə bağlı narahatlıq yaradır.
Xüsusilə 11-ci siniflə bağlı sinif rəhbərinin dəyişdirilməsi, yeni təyinatın şəxsi yaxınlıq zəminində aparıldığına dair iddialar və keçmiş illərdə aylıq vəsait toplanması barədə deyilənlər araşdırılmalı ciddi məsələlərdir. Eyni zamanda 10ª sinfə digər paralel siniflə müqayisədə fərqli münasibətin göstərildiyi bildirilir ki, bu da obyektivlik prinsipinə zidd hesab olunur.
Sadalanan fakt və iddialar göstərir ki, məktəbdə idarəetmə, davamiyyətə nəzarət və etik davranış qaydaları ilə bağlı şəffaf araşdırmaya ehtiyac var. Təhsil müəssisəsində ədalət, bərabərlik və qanunçuluq prinsiplərinin təmin olunması həm şagirdlərin gələcəyi, həm də cəmiyyətin etimadı baxımından vacibdir. Aidiyyəti qurumların məsələni obyektiv şəkildə araşdırması və qanunauyğun tədbirlərin görülməsi zəruridir.
