Xəzərin suyu ildən-ilə azalır. Alimlər həyəcan təbili çalırlar ki, hazırda 1970-ci illərdəki vəziyyət təkrarlanır.
Belə ki, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib. Vaxtilə Xəzərin səviyyəsinin 28 m azaldığı, 1978-ci ildə isə bir metr də azalaraq, dənizin 29 metr dayazlaşdığı bildirilir. Sonradan suyun səviyyəsi qalxmağa doğru gedib. Lakin son dörd ildə yenidən Xəzərin səviyyəsində azalma müşahidə edilir.
Bəs Xəzərin suyunun azalması hansı problemlərə səbəb ola bilər?
Məsələ ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Bakupost.az-a açıqlama verib.
Nazirin müşaviri qeyd edib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Səviyyənin dəyişməsinin başlıca amili su hövzəsinin iqlimi ilə bağlıdır:
“Səviyyə tərəddüdü Xəzər dənizinin su balansı elementlərinə, yəni onu qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanma səviyyəsi, digər tərəfdən, dəniz dibində baş verən tektonik hərəkətlərlə əlaqəlidir. Eyni zamanda, fəsillərlə bağlı olaraq səviyyə il ərzində 30-40 sm intervalında dəyişə bilər. Suyun səviyyəsi ən yüksək intervala yay aylarında çatır. Çünki həmin vaxt çayların gursululuq dövrü hesab olunur. Ən aşağı səviyyə isə qış aylarında müşahidə olunur.
R.Səttarzadə vurğulayıb ki, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil:
“1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxmışdı. Həmin dövrdən əvvəl isə ən aşağı səviyyə qeydə alınmışdı. 2005-ci ildən etibarən artıq dəniz səviyyəsində enmələr müşahidə olunur. Bu enmə sürəti ildə təxminən yeddi sm-ə bərabərdir. Xəzər dənizinin Azərbaycan hissəsində müntəzəm müşahidələr aparılır. Dənizin səviyyəsinin dəyişməsi ətraf mühitə, təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatı və limanların fəaliyyətinə təsir edir”.
Su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov isə bildirib ki, Xəzər dənizinin səviyyəsində sonuncu azalma 1978-ci ildə olub:
“O vaxt Xəzər dənizinin səviyyəsi 29 metr qədər düşüb. Bu gün isə bu səviyyə sürətlə öz tarixi antirekorduna yaxınlaşır - artıq Xəzər dənizinin səviyyəsi 28.4 metrə qədər düşüb”.
Ekspert bildirib ki, əsas səbəb Xəzər dənizinə axan çayların suyunun azalmasıdır:
“Dünyanın ən böyük gölü olan Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Xəzər dənizində olan səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işlərinin obyekti olub. Yəni Xəzər dənizinə tökülən çayların suyu gah azalır, gah artır. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr müşahidə olunur. Əlbəttə, 1978-1995-ci illər ərzində olan artım bizi düşünməyə məcbur edir ki, Xəzər dənizinin səviyyəsində olan azalma yenidən artıma çevrilə bilər. Yəni 1978-ci ilə qədər dəniz səviyyəsi azaldı, sonra yenidən gözlənilmədən 1995-ə ilə qədər artmağa başladı. 1995-ci ildən 2022-ci ilə qədər yenidən dəniz səviyyəsində azalma davam etməkdədir.
