Avropa İttifaqı (Aİ) Ermənistanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcək.
Bu iddia ilə Avropa Parlamentinin deputatı Fernan Kartxayzer "İzvestiya"ya müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, Brüssel İrəvana Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməsi üçün ciddi təzyiq göstərəcək. Deputat ümid etdiyini bildirib ki, Ermənistan bu təzyiqlərə tab gətirəcək və ilk növbədə öz milli maraqlarını nəzərə alacaq.
Kartxayzer vurğulayıb ki, Avropa İttifaqı Ermənistandan öz geosiyasi məqsədləri üçün istifadə edir, lakin belə siyasətin qaçılmaz iqtisadi və siyasi nəticələrindən ölkəni qoruya bilməyəcək.
Xatırladaq ki, 2025-ci ildə Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib. Bu sənəd İrəvanın rəsmi şəkildə Avropayönlü xarici siyasət kursunu elan etməsini nəzərdə tutur.
Moskva isə dəfələrlə bəyan edib ki, Avropa İttifaqına inteqrasiya ilə Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyü eyni vaxtda davam etdirmək mümkün deyil. Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bu məsələdə aydın mövqenin bütün tərəflərin maraqlarına uyğun olacağını bildirib.

