Sizin reklam burada
Sizin reklam burada

Müdrik rəhbər, müzəffər Ali Baş Komandan

Müdrik rəhbər, müzəffər Ali Baş Komandan

Azərbaycan xalqı özünün zəngin dövlətçilik tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Çünki 30 ilə yaxın idi ki, işğal altında olan torpaqlarımızın azad edilməsini, üstəlik təcavüzkar Ermənistanın müharibə meydanında məğlub edilərək cəzalandırılmasını başqa cür qiymətləndirmək mümkün deyil. Həm də bu, son 200 illik tariximizdə zəbt olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı ilk hadisədir. Bu şərəli tarixi yazan və bu möhtəşəm sevinci bizə yaşadan isə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir.

44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və hansı müasir döyüş imkanlarına malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Beləliklə, artıq Cənubi Qafqazda yeni siyasi reallıq və dövr yaranıb. Bu reallığın lideri Azərbaycanı qalib edən İlham Əliyevdir. Yeni dövrün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.

Qəhrəmanlıq salnaməsinə çevrilən bu qələbə həm də Azərbaycan xalqının öz rəhbərinin ətrafında sıx səfərbər olması barədə söylənənlərin praktik təsdiqi idi. Bəli, bu haqq savaşında xalqımız vətənpərvər liderimizin ətrafında yumruq kimi birləşdi, torpaqlarımızın azadlığı uğrunda mübarizədə milli həmrəyliyin ən gözəl nümunəsini yaratdı. Əslində bu birliyin müəllifi də elə İlham Əliyevin özüdür. Yaxşı xatirimizdədir ki, hələ 2003-cü ilin prezident seçkiləri zamanı cənab İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyə bəyan etmişdi. Aradan ötən 17 ilin mənzərəsi göstərir ki, İlham Əliyev öz siyasəti və fəaliyyəti ilə bütün vədlərini layiqincə doğruldub. Dövlət başçısı siyasəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib.

Ümumiyyətlə, statusundan, ictimai mövqeyindən asılı olmayaraq, hər bir insanın nə əməl sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada, cənab İlham Əliyevin ötən 17 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Dövlət başçısı çoxşaxəli fəaliyyəti ilə qarşıya qoyduğu bütün vəzifə və məqsədləri bütünlüklə doğruldub, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübut edib. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlir.

Bu baxımdan İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 17 ilin hər bir mərhələsi möhtəşəm nailiyyətlərlə əlamətdardır. Heydər Əliyev yolunu layiqincə, qətiyyətlə, inamla davam etdirən, ən nüfuzlu siyasi liderlərlə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə keçilən inkişaf yolu Azərbaycanı bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib. Bu dövrdə əldə olunmuş möhtəşəm uğurlarımıza xronoloji ardıcıllıqla nəzər salaq: Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi” kimi mürəkkəb infrastruktur layihələri icra olunub, Azərbaycan fəzaya göndərdiyi 3 peyklə kosmik klubun üzvünə çevrilib. Nəqliyyat layihələrinin həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan Şimalla Cənub, Şərqlə Qərb arasında ən etibarlı, ən sürətli və ən təhlükəsiz tranzit qovşağına çevrilib. Milli iqtisadiyyatımızın 3 dəfə artması, strateji valyuta ehtiyatlarımızın 50 milyard dolları ötməsi, əhalinin sosial rifahında baş verən dəyişikliklər də İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini xarakterizə edən möhtəşəm nümunələrdir.

Siyasi sahədə də Azərbaycan bu illərdə qürurverən nailiyyətlərə imza atıb. Ən mühüm nailiyyətlərdən biri Prezident İlham Əliyevin tamamilə müstəqil xarici siyasət yürütməsidir ki, bu da Azərbaycana olan beynəlxalq etimadı daha da yüksəldib. Eyni zamanda respublikamızın enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə yüksəldib. Faktiki olaraq Cənubi Qafqazı əhatə edən istənilən layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan və mövqeyi öyrənilmədən mümkün deyil.

Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi isə ötən 17 ilin ən böyük siyasi uğurlarından biri kimi İlham Əliyevin yürütdüyü müstəqil və qətiyyətli xarici siyasət kursunun nəticəsi idi.

Bütövlükdə respublikamızda qazanılan hər bir nailiyyət insanların cənab İlham Əliyevə olan etimadını daha da yüksəldib, milli birliyimizi möhkəmləndirib. Bu illərdə keçirilən bütün xarici və yerli sosioloji sorğularda qeydə alınan nəticələr də İlham Əliyevin xalq arasında yüksək nüfuza malik olduğunu dəfələrlə təsdiqləyib. Təbii ki, bunun da əsas səbəbi dövlət başçısının xalqın və dövlətin maraqlarının layiqincə təmin olunmasına xidmət fəaliyyəti, bu istiqamətdə həyata keçirilən siyasi kursun insanlar tərəfindən dərin razılıqla qarşılanmasıdır. Bunu təsdiq edən ən əsas faktorlardan biri isə indiyədək keçirilən bütün seçkilərdə səsvermə hüququ olan vətəndaşlarımızın İlham Əliyevə yüksək etimad göstərmələridir. Cəmiyyətimizdəki mütərəqqi proseslərin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə böyük dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib.

Bu gün hər bir azərbaycanlının əsas vəzifələrindən biri vətəndaşlıq mövqeyindən çıxış edərək ölkəmizdə əldə olunan nailiyyətlərə öz töhfəsini verməsidir. Bu baxımdan respublikamızın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi hər bir tədbirlər, gördüyü işlər ən gözəl nümunələrdir.

Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. Ötən 17 ildə gördüyü işlərlə Azərbaycanı inkişaf yoluna çıxaran, ordumuzu gücləndirən İlham Əliyev sərkərdə qətiyyəti ilə tarixi ədaləti yoluna qoydu, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. İlham Əliyev bu müharibənin Müzəffər Ali Baş Komandanı, öz tarixi missiyasını layiqincə yerinə yetirən qəhrəmanıdır. Məhz İlham Əliyevin yenilməz qətiyyəti və müdrikliyi ölkəmizin hərbi-siyasi qələbəsini təmin etdi.

Şanlı qələbəmizdən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə isə İlham Əliyevin rəhbərliyi ilə xalqımızı yeni nailiyyətlər və qələbələr gözləyir. Ölkəmizin daha da yüksəlişinə aparan bu yolda Prezident İlham Əliyevə uğurlar arzu edirəm.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara

Cəmiyyətinin prezidenti

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ