Ermənistanda hərbi kapitulyasiyadan sonrakı durumun diktə etdiyi şərtlər getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir. Dərin sosial-iqtisadi böhranla bir az da dramatik xarakter alan vəziyyəti məğlub baş nazir Nikol Paşinyan hansısa ekzotik bəyanatlarla yumşaltmağa çalışsa da, durumun hələ uzun müddət fəlakətli olacağı şəkk-şübhə doğurmur.
Məsələn, itkin düşmüş, yəni böyük ehtimalla artıq həyatda olmayan yüzlərlə erməni əsgərinin valideynləri günlərlə küçələrdə gecələdiyi, övladlarını axtardığı halda, Paşinyan hansısa yerli hərbi sənaye müəssisəsinə gedir və orada silah istehsalını artırmaq göstərişi (?!) verir. Və ya dünən o, Fransa Senatının məlum fitnəkar qətnaməsini erməni xalqına böyük uğur kimi təqdim edərək, bu yolla itkin erməni əsgərlərinin dərdli analarının başını qatmağa səy edir. Bilə-bilə ki, həmin qərar salfet kağızından başqa bir şey deyil. Ona görə ki, Dağlıq Qarabağda iki ay əvvələdək mövcud olmuş oyuncaq qurumun “qatarı” artıq gedib və onu nəinki erməni yanlısı Fransa, heç ermənilərin Allahı da qaytara bilməz (Ən absurdu odur ki, üzdəniraq qətnamədə Azərbaycandan öz qoşunlarını öz ərazisindən çıxarması və sentyabrın 27-dək olan mövqeyə çəkməsi tələb olunur. Prezidentin köməkçisi Hikmət Hacıyev qərarı haqlı olaraq, kağız parçası adlandırıb).
*****
Əlbəttə ki, Azərbaycan bir daha öz ərazisində belə siyasi avantüralara imkan verməyəcək. Qarabağ konflikti, “Dağlıq Qarabağ konflikti” adlı anlayış, erməni işğalı, ATƏT-in Minsk Qrupu daha yoxdur, elə işğalçının sadiq dostu həmsədr Fransa da. Tarixə gömüldü hamısı. Erməni toplumu, onun siyasi elitası bu yeni və bəsit gerçəyi nə qədər tez qəbullansa, boş xülyalarla yaşamaqdan nə qədər tez əl çəksə, bir o qədər bəlkə nicat yolu tez tapar.
“Minsk Qrupunun özünü bitirdiyi barədə mən haradasa iki il qabaq, hətta daha öncə demişəm, yazmışam. Minsk Qrupu çoxdan çürümüş siyasi meyitdir. Buna görə də onu Qarabağ münaqişəsinin həllində ciddi bir şey kimi qəbul etməyə dəyməz. Əslində artıq heç bir münaqişə zad da yoxdur: məsələ həll olundu, nizamlama baş tutdu, qurtardı”.
Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsovun bu qiymətli sözlərini də ermənilərin və onların Qərbdəki havadarlarının qulaqlarında sırğa etməsi məsləhətdir. Həmçinin də onun aşağıdakı xəbərdarlığını: “Artıq nə Rusiya, nə də Türkiyənin üçüncü bir qüvvəni bölgəyə buraxmayacağı aydındır. Əlbəttə ki, İran da vasitəçi rolu tələb edə bilərdi, lakin hər cəhətdən gecikdiyini anladığı üçün kənara çəkildi: öz ali dini liderinin timsalında Azərbaycanın mövqeyinə yüz faiz dəstək mövqeyini açıq şəkildə bildirməklə kənara çəkildi. Bu səbəbdən ”2 + 2" formatı günün reallıqlarında obyektiv olaraq mümkün olan yeganə formatdır".
Qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın Kəlbəcərin azad edilməsi ilə bağlı verdiyi açıqlama isə hələ də “göylərdə qalan” ermənilərə və onların Fransa timsalında azsaylı havadarlarına əsl soyuq duş effekti təsiri göstərə bilər.
“Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb. Rusiya Prezidenti Vladimir Putinlə məsələni ətraflı şəkildə danışdıq. Danışıqlar zamanı atılacaq addımları müzakirə etdik. Azərbaycan, Türkiyə və Rusiya olaraq bölgədə sülhün təmin olunması üçün addımlar atırıq. Bunu daha da genişləndirmək üçün şansımız var. Bu məsələni də Putinlə danışdıq. 4-cü və 5-ci ölkələri daxil etməklə prosesi başqa bir ölçüyə gətirə bilərik. Bundan başqa, İlham Əliyev qardaşımla da danışmışam”.
*****
Diqqət edildisə, rəsmi Ankara da heç bir “kənar vasitəçiyə” lüzum olmadığının aydın mesajını verib. Yalnız 2+2 formatı. Odur ki, Ermənistan xam xəyallara, ora-bura boylanmalara son verməlidir. Bunu ən əvvəl erməni xalqının maraqları diktə edir.
Məsələ ondadır ki, bu gün hətta Nikol Paşinyan başqası ilə - müxalif yönlü siyasətçi ilə əvəzlınsə belə, erməni xalqı üçün nəticə tezliklə yaxşıya dəyişməyəcək. Çünki ölkədə yalnızca hakimiyyət böhranı yaşamır, bütövlükdə Ermənistan dövlətçiliyinin, onun yararsız idarəçilik sisteminin, erməni faşizminin total böhran yaşanır. Elə bir böhran ki, əksər ekspertlərə görə, ondan çıxmaq, iqtisadiyyatı normal inkişaf relsinə qoymaq, yeni ordu qurmaq üçün on illiklər lazım olacaq.
Elə təkcə bu fakt ki, 44 günlük müharibədə cəmi 2.5 milyon əhalisi olan Ermənistan bir neçə ilin ümumi hərbi büdcəsini, 2 milyardlıq silah-sursat, minlərlə əmək qabiliyyətli vətəndaşını itirib, özlüyündə az şey demir. Üstəgəl, düşmən ölkənin xarici borcu sürətlə artır, milli pul - dram günbəgün dəyərdən düşür və bahalaşma başlayıb. Koronavirusa yoluxanların sayına görə isə ölkə hər yüz nəfərə düşən xəstələrin sayına görə dünyada öncül yerlərdədir.
Ermənistanda müharibə sonrası durumu şərh edən tanınmış rusiyalı konfliktoloq Yevgeni Mixaylov hesab edir ki, Nikol Paşinyana qarşı etirazlar davam eləsə də, heç kim Ermənistanın lideri olmaq üçün əldən getmir.
“Fikrimcə, daxili siyasi qarşıdurmalar davam edəcək, ancaq yeni bir ümummilli lider ortaya çıxmadan mitinq şəklində. Görüntü naminə Paşinyan gah müxalifətçiləri tutacaq, gah da onları sərbəst buraxacaq. Hər halda, İrəvanın indi sakitləşməli, məğlubiyyəti və yeni reallıqları necə lazımdır qəbul etməli və sonra ölkənin xaosdan və dövlətçiliyin itiruilmısindən qaçmağa kömək edəcək siyasət qurmağa çalışmalıdır” - deyə o qeyd edib.
Necə deyərlər, suda batmaqdan qurtluş - ilk növbədə suda boğulmaqda olanın problemidir. O, özü xilasa can atmırsa, o zaman özündən küssün...
“Yeni Müsavat”