Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev RealTV telekanalında yayımlanan “Mir Şahinin vaxtı” adlı verilişində verdiyi müsahibə zamanı bütün dünyada və Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət, görülən tədbirlər və tibb işçilərinin fədakarlığı haqqında danışdı.
Verilişin aparıcısı jurnalist Mirşahin Ağayevin karatindən çıxış dövrü haqqında verdiyi suala cavab olaraq Elsevər Ağayev bildirdi ki, Operativ Qərargah tərəfindən elan olunmuş karantindən mərhələli çıxışın düzgün idarəolunması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən koronavirusla bağlı həftəlik statistik məlumatlar Operativ Qərargaha təqdim edilir və qərargah da bu statistikadan istifadə edir.
Eyni zamanda nazir müavini İSİM-in karantin dövründə maarifləndirici rolunu xüsusi olaraq vurğuladı. Verilişin izləyiciləri İSİM tərəfindən hazırlanıb, istifadəyə verilmiş və çox qısa bir müddət ərzində böyük izləyici kütləsinin marağını qazanmış koronavirusinfo.az saytı haqqında məlumatı əldə etdilər. COVİD–19 pandemiyası ilə bağlı məlumatı təqdim edən dəqiq və operativ portalın qarşısında qoyulmuş məqsədlərə çatması məhz peşəkar mütəxəssislərin əməyinin nəticəsidir. Eyni zamanda Səhiyyə Nazirliyini təmsil edən baş epidemioloq, baş virusoloq və digər baş mütəxəssislər də mütamadi olaraq müxtəlif televiziya kanallarında çıxış edir və öz ekspert fikirlərini paylaşırlar.
Həmçinin, Elsevər Ağayev bir neçə maraqlı və qürurduyucu məqamlara da toxundu. Məsələn, son günlər mətbuatda elə bir xəbər yayıldı ki, digər ölkələrin bir sıra xəstəxanalarında çalışan həkimlər COVİD-19 təhlükəsi qarşısında işdən imtina ediblər. Lakin Azərbaycan həkimləri vətənpərvərlik və həmrəylik kimi dəyərləri üstün tutaraq, xalqımızın sağlamlığı üçün koronavirusa qarşı mübarizədə hər gün sözün əsl mənasında qəhrəmanlıq və fədakarlıq nümayiş etdirirlər.
Elsevər Ağayev vurğuladı ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qeyd etdi ki, bizim həkimlər daim öz təcrübələrini paylaşaraq, digər ölkələrə də dəstək verməyə hazırdırlar.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini karantinin başlanğıc dövründə apteklərdə maskaların təminatı ilə yaşanan müvəqqəti yaranmış problemə də toxundu. Onun sözlərinə görə, həmin vaxt Çin və Avropa ölkələri də maskaların təchizatında problem ilə qarşılaşmışdı. Azərbaycanın əczaçılıq sayəsində isə bu problem çox qısa müddət ərzində öz həllini tapmışdır. Bununla bərabər, Elsevər Ağayev, cənab prezidentin çıxışına istinadən vurğuladı ki, son 16 il ərzində 750-dən çox xəstəxanalar təmir edilmiş, yeniləri istifadəyə verilmişdir. “Azərbaycan səhiyyəsinin uzun illər boyu əldə etdiyi nailiyyətlər artıq bu gün öz bəhrəsini verir. Bu müddət ərzində Səhiyyə Nazirliyinin tərəfindən güclü peşəkar kadrlar yetişdirilib və yaranmış böhran vəziyyətdə tibbi personal peşərkarlığı ilə birgə öz qəhramanlıq və fədəkarlığını da nümayiş etdirdi” – deyə nazir müavini bildirdi.
Söhbətin sonunda Elsevər Ağayev karantin rejimindən mərhələli çıxış mövzusuna bir daha toxunmaq istədiyini vurğuladı: “Hal-hazırda hamımız xüsusi karantin rejimindən çıxış dövrünü yaşayırıq. Bu çıxış mərhələli şəkildə həyata keçiriləcək və hər vətəndaşın sosial məsuliyyəti tövsiyə və qaydalara maksimal dərəcədə riayət etməkdən ibarətdir”.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı