Fəxri Ağayev yazır...
“Üç ay öncə ideya və təklif verdim, şirkət rəhbəri diqqətə belə almadı. İndi isə dediyimi tətbiq edirlər, amma mənim adım çəkilmir”.
İş dünyasında bütün təbəqələrdən olan insanlarla fərqli üsullarla aktiv əlaqədə olduğuma görə gündəmdə olan və gənc idarəçiləri narahat edən məqamlar haqda məlumatlıyam. Əsas eşitdiyim şikayətlərdən biri də ilk cümlədə qeyd etdiyim məsələdir.
Hər ay müxtəlif şirkətlərdə sahibkarların və ya rəhbərlərin təşəbbüsü ilə şirkət idarəçiləri ilə ümumi görüşlərimiz olur. Demək olar ki, hər şirkətdə bu cümləni eşidirəm. Həmin cümlə bir nəfər tərəfindən dilə gətirildikdən sonra digər idarəçilər də müzakirəyə qoşulur və hər kəs rəhbərliyin onların düşüncə və fikirlərinə qarşı diqqətsiz yanaşdığını bildirir. “Nəticə nə olur?” sualıma isə “biz də artıq bezirik və fikirlərimizi demirik, çünki lazımsızdır” cavabını alıram.
Məsələyə çox ümumi baxsaq, bir neçə mühüm məqamı qeyd etmək olar:
- bu mövzu olduqca vacibdir, çünki eyni anda bir neçə əhəmiyyətli istiqaməti əhatə edir – insanların motivasiyası, rəhbərə qarşı olan etibarla və şirkət əməkdaşlarının şirkətə verəcəkləri və gizlətmə ehtimalı olan fayda ilə əlaqəlidir;
- hər iki tərəf, əslində, həm haqlıdır, həm də haqsızdır;
- mövzu sistemli şəkildə həll edilməlidir.
Təklif edirəm ki, məsələyə ümumi və daha sonra bir neçə fərqli rakursdan baxaq.
İlk öncə məsələnin ümumi mahiyyəti və əhəmiyyətini dəyərləndirək.
Bütün şirkət sahibləri və rəhbərlərinə hər zaman dediyim cümlə budur: “Əgər şirkətdə bütün mövzularda ANCAQ Siz düşünürsünüzsə, demək ki, ciddi probleminiz var. Əgər şirkətdə 20 nəfər idarəçi və 400 nəfər əməkdaşınız işləyir və Siz onların davamlı və sistemli şəkildə fikir, düşüncə və təkliflərini almırsınızsa, demək ki, ciddi inkişaf sıxıntısı içindəsiniz, sadəcə, fərqində deyilsiniz”.
Bu cümlənin ana fikri budur ki, şirkət sahibi və rəhbəri nə qədər geniş dünyagörüşlü, dərin düşüncəli və bilikli, savadlı, təcrübəli insan olsa da, əsla və əsla şansı yoxdur ki, 400 nəfər əməkdaşının bilik və təcrübəsindən daha çox bilsin və onların hər birinin işində olan kiçik, amma vacib məqamlara onlar qədər hakim olsun.
İndi isə məsələyə sahibkar/rəhbər tərəfindən baxaq. Bir əməkdaş şirkət rəhbərinə işin gücləndirilməsi mövzusunda təklif verir, məsələ diqqətə alınmır, uzun müddət sonra təklif icra edilməyə başlayır, amma əməkdaşın adı çəkilmir.
Gəlin bu yerdə bir rəhbərin beyninin içinə girək, onun gününü və işlərini təsəvvür edək.
Şirkət rəhbəri. 400 nəfər əməkdaşı var.
Bu insan 5 əsas işi görmək üçün mütləq ciddi zaman və enerji ayırmalıdır (işlər simvolikdir):
- şirkət daxilində uzunmüddətli, sağlam, effektiv idarəetmə sisteminin qurulması;
- şirkətin mali fəaliyyətlərinin şəffaflaşdırılması və sistemin qurulması;
- xarici partnyorlarla əlaqələrin qurulması və gücləndirilməsi;
- şirkət daxilində insan resursları, müştəri xidmətləri, marketinq işlərinin sistemləşdirilməsi ilə bağlı işlərə nəzarət və daim işin içində olmaq;
- rəhbərlərin işə alınması və işə daxil edilməsi;
- şirkət daxilində insanlar arasında qruplaşmaların aradan qaldırılması və əməkdaşların bir komandada birləşdirilməsi.
Bu əsas işlərlə beyninin dolu olması ilə bərabər, o həm də ay sonunda maaşların, kirayələrin, icbari dövlət ödənişlərinin, vergilərin ödənişini unutmamalı, bunları beynində tutmalı, bunlar haqda planlar qurmalı, gəlirləri və xərcləri daim nəzarətdə tutmalıdır.
Bütün bunlara əlavə olaraq, dövlət qurumları tərəfindən gələn yoxlamalar, nəzarət mexanizmləri də onun zamanını alır.
Eyni zamanda, şirkətdə 20 nəfər idarəçidən ikisi işdən getmək istəyir və onların firmada saxlanması ilə bağlı düşüncələrlə bərabər, o həm də onların əvəzinə alternativləri düşünməlidir.
Bütün bunlar azmış kimi, şirkətdə orta səviyyəli rəhbərlərdən 3 nəfəri arasında psixoloji uyğunsuzluq problemi var, hər biri şirkət üçün əhəmiyyətli insandır və heç kimi işdən çıxarmaq olmaz. Bu adamların bir araya gətirilməsi və komandalaşması haqda düşünməli və nəsə etməlidir.
Paralel olaraq rəhbər eyni anda həm də şirkətin strategiyası üzərində düşünməli və bu məsələni nəzarətdən buraxmamalıdır.
Bunlara xaricdən gələn qonaqlar, şirkətin və idarəçilərin gündəlik fəaliyyətinə nəzarət, iclaslar, verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət, əməkdaşların effektivliyi kimi gözə görünməyən məqamları da əlavə edək.
Beyni bu qədər dolu olan rəhbərə bir əməkdaşın namünasib bir zamanda “Müəllim, bəlkə filan işi belə edək?” təklifini bu insanın nə qədər diqqətlə dinləyəcəyini özünüz düşünün. Dinləsə belə, həmin fikir rəhbərin beynində nə qədər yer tuta bilər və nə dərəcədə aktual olacaq?
Nəticədə, təklifi ciddi alınmayan idarəçi şirkətdən və rəhbərdən küsür, içinə qapanır.
İndi isə təklif verənlərin vəziyyətinə baxaq.
Təcrübəm göstərir ki, təklif verən insanların dedikləri qəbul edilmirsə, əksər hallarda problem məhz təklif verən tərəfin özündədir.
Bu mövzuda əsas sıxıntıları belə qeyd etmək olar:
- Təklif dəqiq formalaşdırılmadan, çiy ideya kimi, tam düşünülmədən təqdim edilir. Yəni insanın ağlına ani bir fikir gəlir – satışları artırmaq üçün iclasda çox ümumi, səthi bir düşüncə deyir, misal üçün, “Məncə, satışları artırmaq üçün müştərilərə həftədə bir dəfə mail göndərilə bilər”.
Diqqət edin, bu təklifin irəli sürülmə tərzi belə ciddi deyil;
- Təklif uyğun olmayan yerdə və zamanda irəli sürülür və təbii ki, diqqətə alınmır. Beyni qarışıq rəhbərlə 5 fərqli mövzu haqda danışan bir insan 1 saatlıq iclasın sonunda təklif verəndə, enerjisi bitən rəhbər onu dinləməz;
- Təklifin məntiqi ardıcıllıq, sistem, əsaslandırma olmadan təqdim edilməsi.
Və bütün bunların beyni yuxarıda göstərildiyi kimi fərqli işlərlə dolu bir rəhbərə deyildiyini düşünün.
İDARƏÇİLƏRƏ BU MÖVZUDA MƏSLƏHƏTLƏRİM
- Fikir və düşüncələrinizi, təklif və ideyalarınızı çiy formada verməyin. Onları yetişdirin, tamamlayın, verilə biləcək sualları öncə özünüz düşünün və beyninizdə cavablandırın;
- Fikirlərinizi uzun və geniş anlatmaqdan qaçın – qısa və konkret olun;
- Düşüncələrinizi doğru zamanda, doğru məkanda və doğru formada təqdim edin. Bunu bacarmırsınızsa, öncə bunu öyrənin, çünki insanın bilik və bacarıqlarının olması vacibdir, amma onları təqdim edə bilmək ən az o qədər əhəmiyyətlidir.
- Rəhbərdən inciməyin. Onu, iş yükünü, məsuliyyətini anlayın və bu məqamlara görə davranın;
- Bir vacib nüansı qeyd edim – heç kim Sizin yerinizə təklifi tamamlamalı, dəqiqləşdirməli, onları beynində rəflərə düzərək sonlandırmalı deyil.
RƏHBƏRLƏRƏ MƏSLƏHƏTLƏRİM
İlk öncə bunu qeyd edim: idarəçilikdə ana qaydalardan biri budur ki, rəhbər “tək atışlıq” işlər görməməlidir, mikromenecmentə girməməlidir və sistem qurmalıdır. Amma eyni anda şirkətdə işləyən insanların həvəsini qırmadan onların bilik, savad, təcrübə və beyin potensialından faydalanmalıdır.
Bunun üçün rəhbərlərə məsləhətlərim bunlardır:
İlk öncə hər kəsə fikir, düşüncə və təkliflərinin şirkət rəhbərliyi üçün çox əhəmiyyətli olduğunu bildirən bir yazı yazılmalıdır.
İkincisi, fikirlərin sistemli şəkildə təqdim edilməsi üçün bir mail ünvanı müəyyən edilməlidir ki, insanlar düşüncə və təkliflərini YAZILI şəkildə göndərsinlər. Şifahi deyilən hər şey unudula bilər, amma yazılı olan qalır. Buna əlavə olaraq, insanlar düşüncələrini yazarkən daha diqqətli davranır və dərin düşünürlər.
Üçüncüsü, şirkətdə bir komissiya yaradılmalı və ayda bir dəfə, hər kəsin bildiyi standart bir tarixdə komissiya verilən təklifləri xüsusi iclasda müzakirə etməlidir.
Dördüncüsü, şirkət üçün faydalı və effektiv təkliflər verən insanlara maddi və qeyri-maddi motivasiya təmin edilməlidir. Qeyri-maddi motivasiyalardan isə ən uyğunu və güclüsü təklif müsbət nəticələnərsə, müəllifin adına yazılı şəkildə təşəkkür məktubunu bütün kollektivə bildirməkdir.
Məsələyə çox ümumi baxsaq, düşüncəm budur ki, bu məsələdə ən böyük məsuliyyət rəhbərin üzərindədir, çünki bu və bənzəri məsələlərdə sistem və standartlar yoxdursa, insanlar fərdi şəkildə davranacaq və ona görə də nəticə çıxaracaqlar. Bunun üçün isə dəqiq və hər kəsə aydın, amma eyni anda sadə bir sistem qurmaq lazımdır.
Bu məsələ ilə bağlı digər mühüm məsələ müştərilərlə ünsiyyət, şirkətin hər mənada effektivliyi, gəlirlərin artırılması, xərclərin optimallaşdırılması kimi vacib məsələlərdə sahibkarın hər zaman düşünməyə zamanı, enerjisi və gücünün olmamasıdır. Bir də təsəvvür edin ki, bu məsələ haqda hər gün 400 beyin düşünür. Həmin potensialı itirmək biznes baxımından ən azı ciddi deyil.
Biznes komanda işidir.
Bu günün reallıqlarında komandanın bilik, savad, təcrübə, düşüncə və fikirlərini birləşdirə bilmək isə rəhbərin ən vacib işlərindən biridir.