Sizin reklam burada
Sizin reklam burada

Yaponiyada Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb

Yaponiyada Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb
Yaponiyada, həm də Azərbaycan mahnılarının ifaçısı kimi tanınmış xanım Kyoko Yamamota “Japan Jaz Vocal” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimində Yaponiyanın tanınmış caz musiqisi ifaçıları və sənətsevərlərlə yanaşı, Azərbaycanın Yaponiyadakı Səfirliyinin əməkdaşları, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin üzvləri də iştirak ediblər.

Bildirilib ki, “Japan Jaz Vocal” mükafatı “Jazz World” qəzeti tərəfindən Yaponiyada caz sənətinin inkişafı məqsədilə 1985-ci ildə təsis edilib. Caz vokal sənətinin inkişafına xidmət edən bu müsabiqədə “Grand Priz” mükafatı ilə yanaşı, “Yeni ifaçı”, “Həvəsləndirici” və “Xüsusi” adlı mükafatlar da təqdim edilir.

Sonra mükafata layiq görülən sənətçilərin ifasında caz musiqisi nümunələri səsləndirilib. “Grand Priz” mükafatına layiq görülən Kyoko Yamamotanın çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onun ifasında səslənən “İspaniya”, “Volare” mahnıları və Azərbaycan dilində “Sarı gəlin” xalq mahnısı tamaşaçıların alqışları və rəqsləri ilə müşayiət olunub.

“Sarı gəlin” mahnısını ifa etməzdən əvvəl tamaşaçılara Azərbaycan haqqında məlumat verən yapon müğənni bildirib ki, bu ölkə həm qədim və zəngin mədəniyyəti, həm də müasir inkişafı ilə onu görənləri heyran edir. Qeyd edib ki, özünəməxsusluğu ilə seçilən Azərbaycan mahnıları dinləyicilərin zövqünü oxşamaqla yanaşı, onlara dərin, romantik hisslər aşılayır. Buna görə də o, Azərbaycan mahnılarını böyük məmnuniyyətlə öz repertuarına daxil edir.

Tokioda yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyevanın müşayiəti ilə ifa edilən “Sarı gəlin” mahnısı sürəkli alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan azərbaycanlıların onun “Japan Jaz Vocal” mükafatına layiq görülməsinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirən K.Yamamota AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə deyib: “Azərbaycanın çox gözəl və rəngarəng musiqisini böyük məhəbbətlə sevirəm. Bu musiqi dərin çalarları ilə məni valeh edib. Azərbaycan musiqisi ilə yanaşı, həm də Azərbaycan narını Yaponiyada təmsil etmək mənim üçün çox qürurvericidir. Çalışacağam ki, bundan sonra sizin musiqinizi daha böyük həvəslə təmsil edim, yapon dinləyicilərə sevdirim. Yaşasın Azərbaycan - Yaponiya dostluğu”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ