
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü müasir Azərbaycan dövlətçiliyinin əsaslarını yaradan dahi rəhbərin əziz xatirəsinin ehtiramla yad olunduğu mühüm gündür. Bu tarix təkcə anım günü deyil, həm də Azərbaycan xalqının milli birliyinin, dövlətçilik duyğusunun və sabitlik arzusunun bir daha təcəssüm etdiyi tarixdir.
Heydər Əliyev XX və XXI əsrlərin kəsişməsində Azərbaycanın xilaskarı kimi tarixə düşmüş şəxsiyyətdir. Onun dövlət idarəçiliyinə gəlişi ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadi dirçəliş, sosial sabitlik və milli kadr potensialının formalaşması istiqamətində mühüm addımlar atılmışdır.
1969–1982-ci illərdə respublikanın dinamik inkişafı, Azərbaycan adının ittifaq miqyasında tanınması, elmin və mədəniyyətin yüksəlişi bilavasitə onun uzaqgörən siyasətinin nəticəsi idi.
Müstəqilliyin ilk illərində baş verən hadisələr Azərbaycanı parçalanma həddinə gətirmişdi. Daxili qarşıdurmalar, separatizm cəhdləri, iqtisadi tənəzzül ölkəni böyük təhlükə ilə üz-üzə qoymuşdu.
Belə bir zamanda xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin real mənada qurulmasına başladı.
Ulu Öndərin siyasi dahiliyi nəticəsində ölkədə sabitlik bərpa olundu, ordunun əsasları qoyuldu, iqtisadi islahatlara start verildi. “Əsrin müqaviləsi” adlandırılan tarixi neft müqaviləsinin imzalanması ilə Azərbaycan regionda enerji mərkəzinə çevrildi və bu gün ölkənin güclü iqtisadi dayaqları həmin qərarın üzərində qurulub.
Heydər Əliyevin diplomatik bacarığı Azərbaycanın xarici siyasətinə yeni nəfəs gətirdi. Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, mövqeyi qəbul edilən, siyasi çəkisi olan ölkədirsə, bunun kökündə Ulu Öndərin müəyyən etdiyi strateji xətt dayanır.
12 dekabr isə bütün bu tarixi xidmətlərin, dövlətçilik təməllərinin və xalq-lider birliyinin dəyərini bir daha xatırladan gündür. Bu gün Ulu Öndərin xatirəsi yalnız hörmətlə anılmır, həm də minnətdarlıqla yaşadılır.
Vüsalə Məmmədova
229 saylı tam orta məktəbin direktoru
