Sizin reklam burada
Sizin reklam burada

Prezident və Birinci vitse-prezident Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar - FOTO

Prezident və Birinci vitse-prezident Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar - FOTO



Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və Birinci vitse-prezidentə rayonda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı bir neçə layihə həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusi ilə fərqlənir.

Tahir Məmmədov: Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, heç bir maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə belə bir portal yaradıldı və 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Vətəndaşlar istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayırlar və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır ki, onlar öz müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər.

Qeyd olundu ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə bu layihə elektron hökumət nominasiyasında qalib elan edilib. Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin bir göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar daha sonra təhlil edilir.

Tahir Məmmədov: Cənab Prezident, bu məqamda deməliyəm ki, Şamaxıda baş verən zəlzələdən sonra Sizin birbaşa tapşırığınızla təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Bu yaxınlarda Sizin tapşırıqlarınıza uyğun olaraq yenə də vəsait ayrıldı və o evlərin hamısı bərpa ediləcək, o ailələr bu qayğı ilə əhatə olunacaq. Buna görə də əhalimiz adından dərin təşəkkürümüzü bildiririk.

Daha bir layihə coğrafi informasiya sisteminin ilkin elementi olaraq həyata keçirilib. Şamaxıya aid məlumatlar toplanaraq data şəklində 3D xəritəsinə yerləşdirilib. Buraya, həmçinin rayon üzrə kənd təsərrüfatı, təhsil, səhiyyə məlumatları da daxil edilib. Bu isə iqtisadi təhlillər zamanı daha obyektiv qərarların verilməsinə imkan yaradır.

Tahir Məmmədov: cənab Prezident, bu gün bizim həyata keçirdiyimiz cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir. Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır.

Diqqətə çatdırıldı ki, müasir texnologiyanın verdiyi imkanlar sayəsində əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.

Bildirildi ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.

Tahir Məmmədov: Bu, birbaşa Sizin təhsilə olan diqqət və qayğınızın göstəricisidir və görülən bütün bu işlər ona hesablanıb ki, təhsildə keyfiyyət yuxarı artsın. Göstərici kimi deyə bilərik ki, respublika üzrə 76 təhsil subyekti arasında Şamaxı 66-cı yerdən 49-cu yerə irəliləyib. Yaradılmış bu şəraitə görə də həm şagirdlər, həm müəllimlər çox məmnundurlar. Hazırda layihələr davam edir. Qeyd etməliyəm ki, Heydər Əliyev Fondu bu işdə bizə çox yüksək səviyyədə kömək edir. Rayonumuzda tikilən məktəblərin əksəriyyətində Heydər Əliyev Fondunun həm təşəbbüsü, həm birbaşa həyata keçirdiyi layihələr var. Buna görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Sizə hər zaman öz təşəkkürümüzü bildiririk ki, həm bu sahədə, həm də digər bütün sahələrdə rayonumuza böyük diqqət və qayğı göstərirsiniz.

Qeyd edildi ki, Şamaxıda digər prioritet istiqamət səhiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Səhiyyə Təşkilatı Heydər Əliyev Fondu ilə birlikdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ