Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər çərçivəsində bir nəfərdən odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Qafarov Canpolad rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, istifadəyə yararlı ov tüfəngi aşkar edilərək götürülüb.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.