Fransada davam edən kütləvi iğtişaşlar səbəbindən bəzi şəhərlərdə komendant saatının tətbiqinə başlanılıb.
Baş nazir Sebastyen Lekornü departament prefektlərinə zərurət yarandığı halda şəhərlərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq etmək tapşırığı verib.
Baş nazir böhranın qarşısının alınması ilə bağlı müşavirədən sonra ictimai asayişin bərpasında qətiyyətli olduğunu bildirib.
"Mövcud vəziyyətdə komendant saatının tətbiqi qarşılaşa biləcəyimiz şəraitə daha uyğun tədbir kimi görünür", - Lekornü vurğulayıb.
Onun sözlərinə görə, iğtişaşlar əsasən şəhər mərkəzlərində cəmləşib və ölkənin bütün ərazisini əhatə etmir.
Bildirilib ki, Fransanın şimalındakı Lill şəhərində artıq komendant saatı tətbiq olunub. Məhdudiyyətlərin qüvvəyə minəcəyi digər ərazilərin xəritəsinin oktyabrın 19-u axşamadək hazırlanması tapşırılıb.
Fransanın ticarət və kiçik biznes naziri Serj Papenin sözlərinə görə, iğtişaşlar nəticəsində azı 3 min sahibkarlıq subyektinə ziyan dəyib. Zərərçəkmiş müəssisələrə xüsusi dəstək fondu vasitəsilə yardım göstəriləcək.
Son həftəsonu keçirilən etiraz aksiyaları zamanı oğurluq və talançılıqda şübhəli bilinən təxminən 2400 nəfər saxlanılıb.

