Rusiyanın Ermənistandan konyak idxalına məhdudiyyət tətbiq etməsindən sonra yerli spirtli içki istehsalçıları istehsal zəncirini qısa müddətdə yenidən qura bilməyib.
Bu barədə Rusiyanın "Kommersant" nəşri "Alkopro" Gildiyasının rəhbəri Andrey Moskovskiyə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyada istehsal olunan konyakın əhəmiyyətli hissəsi Ermənistandan idxal edilən konyak spirtləri əsasında hazırlanır. Tədarükə qoyulan məhdudiyyətlərdən sonra müəssisələr eyni keyfiyyətdə alternativ xammal tapa bilməyib. Nəticədə iyun ayında konyak istehsalı kəskin azalıb.
Andrey Moskovskinin sözlərinə görə, istehsalçılar cəmi bir ay yarım ərzində logistika və istehsal zəncirini yenidən qurmaqda ciddi çətinliklərlə üzləşiblər. Bu da hazır məhsul istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Məlumata görə, iyun ayında Rusiyada konyak istehsalı 26,67 faiz azalıb. İlin ilk altı ayının yekununda isə azalma 6,6 faiz təşkil edib.

