Bloger Hüseyn Həsənov və onun vəkili Mixail Yusupov cinayət təqibinə xitam verilməsini xahiş ediblər.
Bu barədə "Baza" məlumat yayıb.
Həsənov bildirib ki, hərəkətlərinin cinayət xarakteri daşıdığını dərk etməyib. Onun sözlərinə görə, qənaət etdiyi bütün vəsaitlərin qanuni sahibkarlıq fəaliyyətindən əldə edildiyini düşünüb.
Yanvarın 28-də Moskvada Cənub İnzibati Dairəsinin prokurorluğuna Hüseyn Həsənov barəsində cinayət işi daxil olub. Prokurorluqdan bildirilib ki, iş üzrə ilkin istintaq başa çatdırılıb. Həsənova xüsusilə böyük məbləğdə cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Məhkəmə ona barəsində qiyabi həbs qətimkan tədbiri seçib, bloger axtarışa verilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov real gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan çox vergi ödəməyib.
Qurum əlavə edib ki, cinayət yolu ilə əldə edilmiş pullara qanuni görünüş vermək üçün bloger bir neçə maliyyə əməliyyatı aparıb və 1-ci Krasnoqvardeyski keçidində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlayıb. Sövdələşmənin ümumi məbləği 68 milyon rubldan çox olub.
