
İspaniyada ictimai yerlərdə siqaret çəkmə ilə bağlı qaydalar daha da sərtləşdirilir.
Ölkə hakimiyyəti siqaretə qoyulan qadağaların əhatə dairəsini genişləndirən yeni qanun layihəsini təsdiqləyib. Yeni qaydalara əsasən, qanunu pozan həm yerli sakinlər, həm də turistlər 2000 avroya qədər (4000 manat) cərimə oluna bilərlər.
Qadağa xüsusilə bar və restoranların açıq terraslarında siqaret çəkməyə şamil edilir. Bundan başqa, uşaq oyun meydançaları, universitet kampusları, avtobus dayanacaqları, qatar stansiyaları və ictimai hovuzlar da siqaretsiz zonalar elan olunacaq.
Qanun hələlik tam qüvvəyə minməyib və tətbiq tarixi rəsmi şəkildə açıqlanmayıb. Xatırladaq ki, İspaniyada 2011-ci ildən etibarən qapalı məkanlarda siqaret çəkmək qadağandır.
Yeni məhdudiyyətlər festival və konsertlər kimi açıq hava tədbirlərini, eləcə də məktəb və xəstəxanalardan 15 metr məsafəni də əhatə edəcək. Qaydalar təkcə adi siqaretlərə deyil, elektron siqaretlərə, nikotin paketlərinə, qəlyanlara və oxşar məhsullara da tətbiq olunacaq. Ciddi pozuntular zamanı cərimə məbləği 600 min avroya qədər yüksələ bilər.
Barlar, restoranlar və konsert məkanları da tələblərə əməl etmədikləri halda məsuliyyət daşıyacaqlar. Qeyd edək ki, Qran-Kanariya, Tenerife və Lansarote kimi məşhur turizm bölgələrində artıq bir sıra çimərliklərdə siqaret və elektron siqaret çəkmək qadağan olunub. Bu ərazilərdə cərimələr 30 avrodan 2000 avroya qədər dəyişir.
Sərt tədbirlər fonunda siqaret qiymətləri də artıb. Belə ki, son günlər hökumət bir çox siqaret markasının qiymətini hər qutu üzrə 25 sent yüksəldib.
İspaniya səhiyyə naziri Monika Qarsiya hökumətin hər zaman ictimai sağlamlığı ön planda tutduğunu bildirib. Rəsmi məlumatlara görə, ölkədə hər il siqaretlə əlaqəli xəstəliklərdən təxminən 50 min nəfər həyatını itirir.
Hakimiyyət orqanları yeni qanunun əsas məqsədlərindən birinin də gənclərin qorunması olduğunu vurğulayır. Son illər yeniyetmələr arasında elektron siqaret və alternativ nikotin məhsullarına marağın artması bu sahədə əlavə məhdudiyyətlərin tətbiqini zəruri edib.
