Fransada Emmanuel Makronun yalançı, paranoik və “mövqesiz” olduğunu hesab edirlər. Hakimiyyətə gələndə böyük vədlər verən Makron sələflərini tənqid edir, özünü “xilaskar” kimi göstərirdi. Lakin çox çəkmədi, Fransa xalqı onlara rəhbərlik edən şəxsin gerçək üzünü görməyə başladı.
Publika.az xəbər verir ki, “Le Monde” nəşrinin yazdıqları Makronun xarakterinin və siyasi portretinin gerçək tərəflərini üzə çıxarır.
Nəşr “Emmanuel Makron, güc haqqında müəyyən bir fikir” adlı məqalənin 2-ci hissəsində Makronun dəyişən simasını ifşa edir.
Makronun ləqəbi: “Eyni anda”
Nəşr yazır ki, 4 dekabr 2014-cü ildə Fransanın iqtisadiyyat naziri təyin olunmuş E.Makron “startap”çılar və böyük şirkətlərin rəhbərləri qarşısında çıxış edərkən bildirmişdi ki, “mən sosialistəm və bunu qəbul edirəm”.
“Lakin 2 il sonra, 2016-cı ilin avqustunda Puy du Fou attraksion meydançasında etiraf edir: “Səmimiyyət məni məcbur edir deməyə ki, mən sosialist deyiləm”. E.Makron üçün sözlərin bir əhəmiyyət varmı? Siyasətdə yoxdur. Hər bir halda o, hamısını səsləndirib: “Liberal”, “islahatçı”, “patriot”, “tərəqqipərvər” və s. Nəticədə hamısını birləşdirib “eyni anda” söyləməyə başladı. E.Makron vəd edirdi ki, köhnə dünyanı təmizləyəcək. Lakin Milli Assambleyanın buraxılmasından sonra 2 Baş nazir təyin edir. 2-sinin də 73 yaşı var. 7 il ərzində sol və sağ siyasi düşərgələrinin ən yaxşı məqamlarını vəd edən cənab “Eyni anda” (E.Makron nəzərdə tutulur-red) nəticədə “hər şey və onun əksinə” çevrildi”.
Makronun xəyanəti
Makronun necə bir şəxs olduğunu sələfləri də dilə gətirir. Keçmiş prezident Fransua Olland deyir ki, “Emmanuel Makron yalan danışandır”. Lakin prezidentlik dövründə Olland bunu hələ bilmirdi.
“Makron ona dəstək göstərəcək nüfuzlu şəxs axtarışında idi və seçimini keçmiş baş nazir Mişel Rocard üzərində dayandırır. Rocard sol və sağ siyasi düşərgələrdə bəyənilirdi. Həmin dövrdə Makron televiziyada sol siyasi düşərgə ilə bağlı deyirdi ki, “bu mənim mədəniyyətimdir, mənşəyimdir, ailəvi tariximdir”. Lakin görüşlərdə o söyləyirdi ki, “həm sağ, həm sol olsun”. Rocard onu çox ciddi fiqurlarla tanış etdi. Lakin, 2016-cı ildə o, Rocardın dəfnində iştirak etmir və onun həyat yoldaşını bir daha Yelisey Sarayına dəvət etmir”, - nəşr yazır.
“Makron, bizim təlxək nazirimiz”
2015-ci ildə Makron “Le Monde”yə etiraf etmişdi ki, “Heç vaxt Sarkozini bəyənməmişəm. Burada vulqarlıq və Respublikaya münasibətdə problem var”. Həmin dövrdə hər iki şəxs bir birinə nifrət edirdi.
Sarkozi Emmanuel haqqında “Makron, bizim təlxək olan nazirimiz” deyirdi. Lakin siyasət müəyyən dəyişiklər tələb edir. Makronun mərkəz sağçıların dəstəyinə ehtiyacı yarandı və Sarkozini Yelisey Sarayına qəbul etməyə başladı. Hər yeni dövlət formalaşanda Sarkozi öz fikrini söyləyir, adlar təklif edir. Lakin heç bir zaman eşidilmir. Sarkozi yaxın ətrafına deyir ki, “Makronu anlamaq olmur. Biz onunla 2 saat vaxt keçiririk və sonda biz bilmirik kiminlə danışdıq.”
Unudulan vədlər və hər kəsə xəyanət
Nəşr qeyd edir ki, Makron vədlərinə də əməl etmir.
“2017-ci ildə verdiyi vədlərdən biri evsiz adamlar problemini həll etmək idi. Bu problem hələ də var. Elə həmin il Marseldə Makron deyirdi “Qəmərlilər, İtalyanlar, Əlcəzairlilər, Mərakeşlilər, Tunislilər, Malililər, Seneqallılar və burada mən digərlərini də qeyd edə bilərəm. Lakin mən burda nə görürəm? Fransızları!”. 2019-cu ildə isə Makron immiqrasiya haqqında bir problem, qorxu yaradan bir çağırış kimi danışır. Bundan sonra onu dəstəkləyən bir çox immiqrant özünü aldadılmış hiss etdi. Bu sözlərinə cavab olaraq, onun siyasi elmlər üzrə müəllimi François Dosse “Le Monde”də sərt məqalə dərc edir. Qəzəbli Makron ona 7 səhifəlik cavab məktubu yazır”, - nəşr yazır.
Fransızlar düşünür ki, yalnız Makron digərlərinə xəyanət edə bilər.