Azərbaycan Prezidentinin əzmkarlığının, xalqın birlik ruhunun və ordumuzun şücaətinin ölkəmizin qələbə əzmini möhkəmləndirdiyi hər kəsə məlumdur. Bununla yanaşı, Prezident İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlayan zaman xalqa müraciətində - "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir..." - sözləri böyük zəfərə aparan xarici siyasətin təməli olduğunu desək, yanılmarıq.
Məlum olduğu kimi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyinin həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul olunmuş sənədlərdə, həm də beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapması daim Azərbaycan xarici siyasətinin əsas vəzifələrindən biri olub. Beynəlxalq təşkilatların təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət daxil olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çağıran çoxsaylı sənədlər aparılan işin mühüm bəhrəsidir. Qeyd olunan mövqe BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyasının müvafiq qətnamələrində, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platforma və təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə birmənalı şəkildə ifadə olunub.
Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı konkret şəkildə ifadə olunan vacib elementlər Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə daim xidmət edib.
Birinci növbədə, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisinin tərkib hissəsi olduğunun təsdiqlənməsi beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edib. Ümumiyyətlə, işğalçı dövlət istisna olmaqla, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə heç bir dövlət və ya təşkilat tərəfindən şübhə ilə yanaşılmaması və bunun beynəlxalq təşkilatların qərarlarında açıq-aşkar təsbit olunması ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biri kimi xarakterizə oluna bilər.
İkinci, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsinin tələb olunması Azərbaycan tərəfindən əsas təzyiq vasitəsi kimi geniş şəkildə istifadə olunan bir fakt idi.
Üçüncü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri və bir sıra beynəlxalq təşkilatların qərarlarında bu müddəaya yer verilməsi digər uğurlu bir addım kimi qeyd edilə bilər. Bir milyonadək insanımızın hüquqlarının pozulması, onların qaçqın və məcburi köçkünə çevrilməsi, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarının beynəlxalq ictimaiyyətə tanıdılması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.
Qeyd edilən istiqamətlərlə yanaşı, Ermənistanın davam edən təcavüzü çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımların ifşa edilməsi, bu istiqamətdə siyasi və hüquqi prosedurlardan istifadə Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində aparılmış fövqəladə siyasətin təməllərindən hesab olunur.
Bununla yanaşı, bir çox beynəlxalq təşkilatda və ikitərəfli dövlətlərarası münasibətlər çərçivəsində məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının təşviq olunması, Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı birləşmələrinin mövcudluğunun, Ermənistanın hərbi texnikasının Azərbaycan ərazilərində qanunsuz yerləşməsinin müxtəlif faktlarla daimi əsasda ifşa olunması diplomatik fəaliyyətin əhəmiyyətli hissəsini təşkil edib. Erməni terrorizminin maliyyələşdirilməsi, Ermənistanın bölgəmizdə yerləşdirdiyi xarici terrorçu döyüşçülər məsələsi, separatizm və zorakı ekstremizm və digər qeyri-qanuni fəaliyyətlər daim əsas diqqət mərkəzində olub.
Cənab Prezidentin seçkilərdə qalib gəlməsindən qısa müddət sonra, 2004-cü ildə Azərbaycan tərəfindən BMT Baş Assambleyasında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma məsələsinin qaldırılması və bu istiqamətdə əməli addımlar həyata keçirilməsi məhz bu gün Azərbaycana qarşı irəli sürülə biləcək iddiaların qarşısını almağa xidmət edir. Keçmiş münaqişənin siyasi və iqtisadi aspektləri ilə bağlı qəbul olunan qətnamələrlə yanaşı, ölkəmizin tarixi, mədəni və dini abidələrinin dağıdılması məsələsinə daim diqqət yetirilməsi prioritet məqsədlərdən olduğu bəllidir.
Qeyd edilən tədbirlərlə yanaşı, ölkəmizin mühüm beynəlxalq təşkilatlarda sədrlikləri və üzvlüyü, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi mühüm platformalarda prioritetlərimizin irəlilədilməsi torpaqlarımızın işğaldan azad edilməsi üçün təməl bazanın yaradılmasına xidmət edib. Azərbaycanın 155 səs çoxluğu ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin haqq səsinin daha da geniş yayılmasına imkan verib. Həmçinin 2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədrliyini həyata keçirməyimiz, BMT-dən sonra ikinci ən böyük çoxtərəfli platforma olan Qoşulmama Hərəkatı çərçivəsində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrlə əlaqələrimizin gücləndirilməsi Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradıb. Qoşulmama Hərəkatında beynəlxalq hüquq və normalar çərçivəsində ədalətin bərpası üçün atdığımız xoşniyyətli addımlar qarşılığını çox qısa zamanda alıb. 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri arasında olan Qoşulmama Hərəkatı üzvləri ölkəmizə qarşı mənfur qətnamələrin qarşısının alınmasına kömək edib, çoxtərəfli platformalarda diplomatik uğurlarımızdan birinə çevrilib.
Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!
Eyyub Musayev,
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının müavini