İran millisinin baş məşqçisi Əmir Qalenoyi ABŞ-a giriş məhdudiyyətləri səbəbindən komandasının üzləşdiyi çətinliklərdən şikayətlənib.
Daha əvvəl bildirilmişdi ki, Meksikada yerləşən komandaya ABŞ-a yalnız Belçika ilə ikinci tur matçından bir gün əvvəl giriş icazəsi verilib . Komandalar bu gün Bakı vaxtı ilə saat 23:00-da oynayacaqlar.
Qalenoyi mətbuat konfransında bildirib:
“Biz FİFA-ya rəsmi şikayət etmədik, sadəcə şikayətlərimizi bildirdik. Baxın, bizə 24 saatlıq fasilə lazım idi, amma onlar bizə 16 saat verdilər. Buna görə də məşqləri yarıda dayandırmalı olduq.
Bu məhdudiyyətlər vəziyyətimizi çox çətinləşdirib. Bilirəm ki, FİFA və onun hörmətli prezidenti problemlərimizi aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Amma indiyə qədər bu baş verməyib. Ümid edirəm ki, insanlar futbolun gözəl olduğunu, etik olmalı olduğunu və bizimlə necə davrandıqlarının səhv olduğunu başa düşəcəklər.
Buna baxmayaraq, onlara təşəkkür etmək istərdim, çünki ABŞ-a daxil olan kimi bizi otelə mümkün qədər tez çatdırmaqda çox kömək etdilər. Lakin şərait getdikcə çətinləşir. Son oyuna hazırlaşmaq üçün 24 saatımız var idi, bu oyuna isə 18 saatdan az vaxtımız var idi. Bu, ölkəmizə qarşı ədalətsizlikdir və ümid edirik ki, bu cür davranış bir daha təkrarlanmayacaq”.

