Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub.
Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3.
“Qarabağ” da “Neftçi” kimi 12 qələbədən sonra səfərə yollanıb, amma Tovuzda büdrəməyib. Üç gün əvvəl paytaxt təmsilçisinin rekordunu təkrarlayan Qurbanovun komandası bu dəfə mütləq göstəricini rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” 14-cü qələbəsini qazanmaq üçün noyabrın 13-də “Sabah”la səfər görüşündə də qalib gəlməlidir.