Azərbaycanlı karateçi Fəridə Əliyevanın Bakıda keçirilmiş Premyer Liqa yarışında iştirak etməməsinin səbəbi bilinib.
“Report”un xəbərinə görə, 68 kiloqramdan yuxarı çəkidə çıxış etməli olan idmançının çəkisi qaydasında olmayıb.
İdmançı yarışdan əvvəl xəstələndiyindən, çəkisi 68 kiloqramdan aşağı olub. WKF (Ümumdünya Karate Federasiyası) isə onun yarışda iştirak etməsinə icazə verməyib.
Qeyd edək ki, bu çəkidə Ayaka Saito (Yaponiya) Anastasiya Stepaşkoya (Ukrayna) 4:1 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə Premyer Liqa titulunu qazanıb.
Xatırladaq ki, ilk dəfə Bakıda keçirilmiş Premyer Liqa yarışında Azərbaycan tarixi nailiyyətə imza atıb. 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medal sıralamasında yalnız karatenin yaradıcısı Yaponiyadan geri qalıb.