“Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu”.
“Report”un məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
32 yaşlı müdafiəçi ikinci yarıda praktiki olaraq heç nə etmədiklərini bildirib:
“Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik”.
Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib:
“Buna baxmayaraq, komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram”.
Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.