Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, 24 yaşlı atlet iki hərəkətin cəmində 121 kq nəticə göstərib.
O, birdən 54 kq, təkanla isə 67 kq ağırlığın öhdəsindən gəlib.
İndoneziyalı Hariron Siti Nafisatul 159 kq (71 + 88) nəticə ilə qızıl, türkiyəli Cansu Bektaş 151 kq (65 + 86) gümüş medala yiyələnib.
Yarış gərgin mübarizə şəraitində keçib. Nafisatul təkanla 88 kq ağırlığı qaldırdıqdan sonra ştanqı yerə elə çırpıb ki, körpücük üzərindəki kameranın şüşələri qırılıb. Bektaş isə 89 kq ağırlığı qaldırmaq istəyərkən ştanqın öhdəsindən gələ bilməyib və onu irəli atmalı olub.
Qeyd edək ki, Nazilə İsmayılova Azərbaycana ağırlıqqaldırma növündə ilk, ümumilikdə isə 14-cü medalı qazandırıb.