Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ildə payızda Qətərdə keçiriləcək dünya çempionatının başlama tarixini dəyişdirmək barədə düşünür.
Bu barədə Argentinanın “Diario Ole” nəşri öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, FIFA təqvimdəki dəyişikliyi, yəni turnirin başlanma vaxtının noyabrın 21-dən noyabrın 20-nə dəyişdirilməsini ciddi şəkildə müzakirə edir. Belə olacağı təqdirdə Qətər və Ekvador arasında açılış matçı bazar günü, noyabrın 20-də baş tutacaq.
Belə bir qərar yalnız səsvermənin nəticələrinə əsasən qəbul edilməlidir. Prosedurda FIFA prezidenti Canni İnfantino və futbol konfederasiyalarının rəhbərləri iştirak edirlər.
Qeyd edək ki, adətən dünya çempionatı yayda keçirilir. Ərəbistan yarımadasının şərqində yerləşən Qətərdə iyun-iyul aylarında orta temperatur Selsi cədvəli üzrə təqribən müsbət 38 dərəcə olduğundan çempionatın vaxtı dəyişdirilərək noyabra salınıb.