Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyevdən Ermənistana tarixi mesaj: Keçmişin hesabı bağlanmayıb

İlham Əliyevdən Ermənistana tarixi mesaj: Keçmişin hesabı bağlanmayıb

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdəki çıxışında Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyəti, müharibə cinayətləri, Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesi və beynəlxalq təşkilatların qərarlarının icrası məsələlərinə toxunub. Dövlət başçısı vurğulayıb ki, münaqişələrin qarşısının alınması və dayanıqlı sülhün təmin olunması üçün beynəlxalq hüququn tələbləri yerinə yetirilməli, hüquqi məsuliyyət prinsipi təmin edilməlidir.

Prezident İlham Əliyevin Ermənistanla bağlı mesajları Azərbaycanın postmünaqişə strategiyası, regionda davamlı sülhün perspektivləri və hüquqi məsuliyyət məsələlərini yenidən gündəmə gətirib.

Millət vəkili Aydın Hüseynov mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Prezident İlham Əliyev Ermənistanın hazırkı rəhbərliyinin 2018-ci ildən sonra da sələflərinin siyasətini davam etdirdiyini vurğulayıb. Sizcə, bu yanaşma Azərbaycan-Ermənistan sülh prosesində siyasi məsuliyyət məsələsini necə gündəmə gətirir və davamlı sülh üçün hansı şərtləri diktə edir?

- Cənab Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan sülh prosesinə yalnız cari diplomatik danışıqlar və texniki razılaşmalar müstəvisindən yanaşmır. Burada əsas məsələ Ermənistanın uzun illər həyata keçirdiyi siyasi kursa münasibətdə institusional və siyasi məsuliyyətin müəyyənləşdirilməsi, keçmiş revanşist yanaşmalardan real şəkildə imtina olunması və yeni regional reallığın hüquqi-siyasi səviyyədə qəbul edilməsidir.

Dövlət başçısının 2019-cu ildə Ermənistan rəhbərliyi tərəfindən Xankəndidə səsləndirilmiş “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını, eləcə də “yeni ərazilər uğrunda yeni müharibə” ritorikasını xatırlatması təsadüfi deyil. Bu faktlar göstərirdi ki, 2018-ci ildən sonra hakimiyyət dəyişikliyinə baxmayaraq, əvvəlki ekspansionist siyasi xəttin fundamental elementləri müəyyən müddət davam etdirilib.

Bu baxımdan siyasi məsuliyyət məsələsi sülh prosesinin ayrılmaz komponentinə çevrilir. Davamlı sülh yalnız sənəd imzalanması və diplomatik bəyanatlarla məhdudlaşa bilməz. Sülhün hüquqi və siyasi dayanıqlığı üçün dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı və birmənalı şəkildə tanınması, revanşist ritorikadan imtina, daxili siyasi diskursda və hüquqi sənədlərdə ərazi iddialarının aradan qaldırılması, eləcə də gələcək eskalasiyaya zəmin yarada biləcək siyasi və hərbi mexanizmlərin sıradan çıxarılması vacibdir.

Cənab Prezidentin hazırkı sülhü “kövrək” adlandırması da məhz bu reallığa işarə edir. Müharibənin başa çatması avtomatik olaraq davamlı sülhün yaranması demək deyil. Dayanıqlı sülh qarşılıqlı suverenliyə hörmət, hüquqi öhdəliklərin icrası, siyasi məsuliyyət və uzunmüddətli etimadın formalaşdırılması üzərində qurulmalıdır.

Azərbaycanın postmünaqişə siyasətinin əsas məntiqi də bundan ibarətdir: hərbi-siyasi qarşıdurma mərhələsi arxada qalmalı, region hüquqa, suverenliyə və qarşılıqlı məsuliyyətə əsaslanan yeni siyasi münasibətlər sisteminə keçməlidir.



- Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesini mahiyyət və forma etibarilə Nürnberq tribunalının analoqu kimi qiymətləndirən Prezident İlham Əliyevin bu fikri Azərbaycanın müharibədən sonrakı ədalət və hüquqi məsuliyyət mövqeyi baxımından hansı mesajları verir?

– Cənab Prezidentin “Nürnberq tribunalının analoqu” ifadəsi Azərbaycanın postmünaqişə ədaləti konsepsiyasının siyasi-hüquqi mahiyyətini əks etdirir. Burada söhbət Bakıdakı məhkəmələrin hüquqi status baxımından Nürnberq Tribunalı ilə eyniləşdirilməsindən deyil, ağır müharibə cinayətləri və digər ciddi hüquqpozmalarla bağlı fərdi məsuliyyət prinsipinin ön plana çəkilməsindən gedir.

Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, məsuliyyət heç bir halda bütöv xalqa şamil edilə bilməz. Hüquqi məsuliyyət konkret əməllərə, həmin əməllərin təşkilatçılarına, icraçılarına və iştirakçılarına aid edilməlidir. Bu yanaşma kollektiv günahlandırma modelindən fərqli olaraq fərdi hüquqi məsuliyyət prinsipinə əsaslanır və hüquqi dövlət konsepsiyasının fundamental tələblərinə uyğundur.

Burada ikinci mühüm məsələ cəzasızlıq sindromunun aradan qaldırılmasıdır. Cənab Prezident çıxışında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən effektiv mexanizmlərin olmamasının münaqişələrin uzanmasına və yeni hüquq pozuntularının baş verməsinə şərait yaratdığını xüsusi vurğulayıb.

Bu baxımdan Bakıdakı məhkəmə proseslərini Azərbaycan dövlətinin mövqeyində hərbi-siyasi nəticədən hüquqi məsuliyyət mərhələsinə keçid kimi qiymətləndirmək olar. Yəni ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra növbəti məsələ keçmiş dövrdə törədildiyi iddia olunan ağır əməllərin hüquqi prosedurlar çərçivəsində araşdırılmasıdır.

Üçüncü mühüm istiqamət hüququn aliliyidir. Postmünaqişə ədaləti qalib dövlətin siyasi iradəsinin nümayişi deyil, ittihamların məhkəmə müstəvisində araşdırılması, sübutların qiymətləndirilməsi, müdafiə hüququnun təmin olunması və fərdi məsuliyyətin hüquqi prosedur əsasında müəyyənləşdirilməsidir.

Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi siyasi mesaj da aydındır: ölkəmizin məqsədi kollektiv qisas deyil, konkret hüquqpozmaların hüquqi qiymətləndirilməsi, cəzasızlığın qarşısının alınması və gələcəkdə oxşar cinayətlərin təkrarlanmaması üçün hüquqi məsuliyyət presedentinin formalaşdırılmasıdır.

- Prezident Azərbaycanın xalqımıza ağır əzablar yaşatmış şəxslərin səviyyəsinə enmədiyini vurğulayıb. Sizcə, bu mövqe Azərbaycanın müharibədən sonrakı dövrdə humanitar prinsiplərə, milli ləyaqətə və sülh quruculuğuna münasibətini necə ifadə edir? Bu yanaşmanın gələcək nəsillər və regionda uzunmüddətli barışıq baxımından əhəmiyyəti nədən ibarətdir?

- Cənab Prezidentin bu tezisi Azərbaycanın postmüharibə davranışının həm siyasi, həm də mənəvi mahiyyətini müəyyənləşdirir. Burada əsas xətt “qisasdan hüquqa, qarşıdurmadan sülhə keçid” prinsipidir. Azərbaycan 30 ilə yaxın davam etmiş işğala, dağıntılara və humanitar faciələrə baxmayaraq, müharibədən sonra kollektiv qisas siyasəti həyata keçirməyib. Dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycan öz tarixi və siyasi hesablaşmasını döyüş meydanında aparıb, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə qarşı tərəfə sülh gündəliyi təqdim edib.

Bu mövqenin siyasi əhəmiyyəti ondan ibarətdir ki, milli ləyaqət qisasçılıqla eyniləşdirilmir. Qələbənin strateji davamlılığı yalnız hərbi üstünlük və ərazi nəzarəti ilə ölçülmür. Qalib dövlətin sonrakı mərhələdə hüquqa, humanitar prinsiplərə, siyasi məsuliyyətə və regional sabitliyə münasibəti onun dövlətçilik mədəniyyətinin göstəricisidir.

Azərbaycanın mövqeyində güc tətbiqinin siyasi məqsədi ərazi bütövlüyünün və suverenliyin bərpası ilə məhdudlaşır. Sonrakı mərhələ isə artıq normallaşma, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın yaradılması və uzunmüddətli sülh arxitekturasının qurulmasına yönəlməlidir.

Bu yanaşmanın gələcək nəsillər üçün xüsusi əhəmiyyəti vardır. Tarixi yaddaş qorunmalı, işğalın, müharibənin və törədilmiş cinayətlərin nəticələri unudulmamalıdır. Lakin həmin yaddaş yeni nifrət, revanşizm və kollektiv düşmənçilik istehsal edən siyasi mexanizmə çevrilməməlidir.

Dövlətçilik düşüncəsi gələcək nəsillərə iki mühüm dəyəri eyni vaxtda ötürməlidir: milli yaddaşı və hüquqa əsaslanan sülh mədəniyyətini. Gənc nəsil həm Azərbaycanın hansı tarixi sınaqlardan keçdiyini, həm də güclü dövlətin qisasçılıq deyil, hüquq, məsuliyyət və siyasi ləyaqət üzərində dayandığını bilməlidir.

Regional barışığın fundamental şərti də məhz burada formalaşır: konkret cinayətə fərdi hüquqi məsuliyyət tətbiq olunmalı, xalqlara isə gələcəkdə dinc yanaşı yaşamaq perspektivi verilməlidir. Əks halda fərdi hüquqi məsuliyyət kollektiv düşmənçiliklə əvəz olunur və münaqişə nəsildən-nəslə ötürülən siyasi problemə çevrilir.

Cənab Prezidentin “sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri Azərbaycanın postmünaqişə siyasətinin strateji mahiyyətini ümumiləşdirir.

Azərbaycanın rəsmi yanaşmasında Zəfərin növbəti mərhələsi artıq hərbi müstəvidə deyil, suverenlik, hüququn aliliyi, siyasi məsuliyyət, qarşılıqlı etimad və uzunmüddətli regional təhlükəsizlik prinsipləri əsasında dayanıqlı sülh arxitekturasının formalaşdırılmasıdır.

  • Sosial şəbəkədə paylaş