Martın 8-də İranın İsfahan şəhərindəki qubernatorluq binasına endirilən zərbə zamanı Rusiyanın baş konsulluğuna ziyan dəyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Ofis binasının və yaşayış mənzillərinin pəncərələri sınıb, bir neçə əməkdaş isə partlayış dalğasının təsirindən yıxılıb. Xoşbəxtlikdən, həlak olan və ya ciddi xəsarət alan yoxdur”, - Zaxarova hadisə ilə bağlı qeyd edib.
Diplomatik və konsulluq nümayəndəliklərinə hücumların Vyana Konvensiyasının müddəalarını pozduğunu vurğulayan Zaxarova, münaqişə tərəflərindən diplomatik binaların toxunulmazlığına və personalın təhlükəsizliyinə hörmətlə yanaşmağı tələb edib.
“Münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, - Rusiya XİN rəsmisi çıxışını bu sözlərlə yekunlaşdırıb.
Xatırladaq ki, martın 8-də İsrail ordusu Livanın paytaxtı Beyrutda yerləşən Rusiya Mədəniyyət Mərkəzinə (Rusiya Evi) zərbə endirib və bina tamamilə dağılıb.
