Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen bu gün Brüsseldə səfirlərin konfransında bildirib ki, "Orta Dəhliz" əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirəcək, region ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək.
Qlobal layihələr və onların Avropa üçün əhəmiyyəti barədə danışan Avropa Komissiyasının rəhbəri Asiyadan Avropaya malların çatdırılma müddətini 30 gündən 15 günə endirəcək "Orta Dəhliz"dən bəhs edib.
Fon der Lyeyenin sözlərinə görə, "bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş müharibə aparan ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək".
"İkinci Dünya Müharibəsindən sonra kömür və polad Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də dəyişkən bir bölgədə ticarət və əməkdaşlığı normaya çevirə və təkcə Avropaya deyil, həm də sülhə yol aça bilər", - deyə o vurğulayıb.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Aİ-nin bu bölgəyə, eləcə də Afrika və Yaxın Şərqə yatırdığı investisiyalar Avropa İttifaqına müsbət tərəfdaşlıqlar inkişaf etdirməyə imkan verir.

