Rusiya- Ukrayna müharibəsi artıq yüksək texnologiyalı münaqişəyə çevrilib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, PUA-lar Ukrayna səmasını "doldurub" və pilotsuz qayıqlar isə Qara dənizdəki Rusiya donanmasını iflic edib.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Böyük Britaniyada səfir olan Valeri Zalujnı vurğulayıb ki, silahlı pilotsuz yerüstü nəqliyyat vasitələrinin rolu yaxın vaxtlarda artacaq.
Onun sözlərinə görə, zərbə məqsədli PUA-lar təkcə müstəqil şəkildə deyil, həm də süni intellekt tərəfindən idarə olunan böyük “dron sürüləri”nin tərkibində istifadə olunacaq:
“Yaxın gələcəkdə onlarla, hətta yüzlərlə daha ağıllı dron görəcəyik ki, onlar müxtəlif istiqamətlərdən və hündürlüklərdən, havadan, qurudan və dənizdən eyni vaxtda hücum edəcəklər”.
Ukraynanın pilotsuz yerüstü nəqliyyat vasitələri istehsalçısı Devdroid şirkətinin baş direktoru Yuri Poritski isə qeyd edib ki, döyüş meydanlarında Rusiya və Ukraynanın robotları arasında toqquşma baş verməsi sadəcə zaman məsələsidir.
