ABŞ hava qüvvələrini gücləndirmək üçün Yaxın Şərqə əlavə 18 ədəd beşinci nəsil "F-35A Lightning II" qırıcı təyyarəsi yerləşdirib.
Bu barədə “Itamilradar” agentliyi məlumat yayıb.
Bildirilir ki, qırıcı təyyarələr Böyük Britaniyadakı Leyknhit Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıb. Onların Yaxın Şərqə uçuşuna "KC-135 Stratotanker" tankerləri dəstək verib.
Bu, Amerika döyüş təyyarələrinin regiona eyni vaxtda ən böyük yerləşdirilmələrindən biridir. Onun miqyası İranla artan gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi potensialının kəskin artmasını nümayiş etdirir.
Bununla da ABŞ-ın Yaxın Şərqdə 30 "F-35A" qırıcısı, iki "F-15E Strike Eagle" qırıcı eskadrilyası (24 təyyarə) və bir "A-10 Thunderbolt II" hücum təyyarəsi eskadrilyası (12 təyyarə) var. Nəticə etibari ilə Amerika döyüş təyyarələrinin bölgədəki ümumi sayı təxminən 66-ya çatır.
Bundan əlavə, İran yaxınlığında Ərəbistan dənizində yerləşən "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisində "F-35C Lightning II" qırıcılarından ibarət eskadrilya və "F/A-18E/F Super Hornets"dən ibarət üç eskadrilya var. Hər eskadrilya təxminən 12 təyyarədən ibarətdir.
