Qərb ölkələri Ermənistandan Moskva ilə geosiyasi qarşıdurmada bir alət kimi istifadə edirlər.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Diplomat qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin siyasi xəttinin Rusiyanın maraqlarına zərər vurmadığını iddia etsə də, reallıq fərqlidir:
"Biz İrəvanın Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşmanı sürətləndirdiyini görürük. Ermənistanlı tərəfdaşlarımıza dəfələrlə bildirmişik ki, Qərb üçün (bunu orada artıq gizlətmirlər) Ermənistan sadəcə olaraq Moskvaya qarşı mübarizədə geosiyasi vasitədir".
M.Qaluzin vurğulayıb ki, İrəvan Moskvanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün bir araya sığmadığına dair prinsipial mövqeyindən xəbərdardır. O xəbərdarlıq edib ki, İrəvanın digər inteqrasiya birliklərinə üz tutması Aİİ norma və qaydalarının pozulmasına gətirib çıxaracaq ki, bu da müvafiq nəticələr doğura bilər.
