Polşa Almaniya ilə sərhəddə xüsusi əməliyyata başladığını elan edib.
Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Əməliyyata "Təhlükəsiz Qərb" adı verilib. "Polşa ordusu Almaniya ilə sərhəddə Sərhəd Mühafizəsinə və polisə dəstək verir", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Kosinyak-Kamış əlavə edib ki, Varşava Litva ilə sərhəddə də fəaliyyətini genişləndirir. Onun sözlərinə görə, xüsusi əməliyyatda iştirak etmək üçün beş min əsgər ayrılıb.
“Biz miqrasiya təhdidlərinə qətiyyətlə reaksiya veririk”, - o vurğulayıb.
Polşa dəfələrlə Almaniya polisinin qeyri-qanuni mühacirləri Polşa ərazisinə daşıdığını bəyan edib. Eyni zamanda, ötən ildən Almaniya tərəfində sərhəd nəzarəti var ki, bu da Varşavanın mənfi reaksiyasına səbəb olub. Kosinyak-Kamış daha əvvəl Varşava və Berlinin birgə sərhəd nəzarəti həyata keçirməyəcəyini vurğulayıb.
