Sizin reklam burada
Sizin reklam burada

Qərbdə cızılıb, Qafqazda icra olunan oyun: Ermənistan palçığa ikinci dəfə batır

Qərbdə cızılıb, Qafqazda icra olunan oyun: Ermənistan palçığa ikinci dəfə batır

Qarabağ münaqişəsi artıq tarixdə qalsa da, xüsusən son dövrlər yenidən canlandırılması cəhdlərinin şahidi oluruq. ABŞ və Fransa kimi ölkələr bu istiqamətdə təşəbbüsləri sıralamağa, Ermənistana "dəstək" verməyə davam edirlər. Əslində bu təşəbbüslərin kökündə sözügedən ölkələrin öz strateji maraqları dayansa da, Ermənistan da bu "dəstək"dən özünə pay çıxarır.

ABŞ Konqresində "Dağlıq Qarabağın süqutu"na həsr olunmuş dinləmələr və ləğv edilmiş separatçı rejimin nümayəndələrinin dəvət edilməsi, eləcə də aparıcı ABŞ və Fransa institutlarının "Dağlıq Qarabağ erməniləri"nə dəstək verən çoxsaylı təşəbbüsləri hazırda icra olunan planın tərkib hissəsidir.

Burada konqresmen Adam Şiff və bir sıra digər konqresmenlərin sentyabrın 18-də irəli sürdükləri təşəbbüsə xüsusi diqqət yetirilməlidir. Adam Şiffin öndərliyində ermənipərəst konqresmenlərin irəli sürdüyü qanun layihəsi "2024-cü il üçün Arsax gəlirlərinin bərpası" adlanır. Qarabağ münaqişəsinin davam etdiyi uzun illər ərzində haqqı tapdalanan, öz doğma yurdlarından didərgin salınan azərbaycanlıların hüquqlarını görməzdən gələn ABŞ konqresmenləri Qarabağı könüllü tərk etmiş erməniləri "diqqətindən kənar" qoymur. Şiff və "tərəfdar"larının tələblərinə də nəzər salaq.

Ermənipərəst konqresmenlər istəyirlər:

"Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə qurumları bu aktivlər barədə ABŞ Xəzinəsinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat versinlər. "Qanun"un qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklasın, 90 gün ərzində isə onları müsadirə etsin.

Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın "hərbi hücumu" nəticəsində əmlaklarından, bizneslərindən və iş yerlərindən itirdikləri gəlirlərə görə Qarabağdan didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək "Arsax Gəlirlərinin Bərpası Fondu" yaradılsın.

ABŞ-dəkı şəxsi aktivlərə həbs qoyulmalı və Arsaxda müharibədə iştirak etmiş və ya dəstəklənmiş yüksək rütbəli Azərbaycan məmurlarına və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri qoyulmalıdır. Köçkün ermənilərin Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan yaratmaq üçün sadələşdirilmiş proses formalaşdırılsın".

Riyakarlığın Qərb modeli məhz bu qədər həyasız və mənəviyyatsızdır. Əks halda bu "layihə" və "tələblərini" hər hansı bir məntiqə sığdırmaq mümkün deyil.

Sözügedən layihəni Frenk Pallone, Anna Eşu, Qeyb Amo, Coys Bitti, Cim Kosta, Coş Qotthaymer, Daq Lamalfa, Set Maqaziner, Ceyms Makqovern, Qreys Menq, Kevin Mallin, Qreys Napolitano, Eleonora Holms Norton, Yan Şakovski, Linda Sançes, Bred Şerman, Dina Titus və Lori Traxan kimi "konqresmen"lər - erməni lobbisinin dəstəyinə və "yardımı"na möhtac, beynəlxalq hüquq və normaları, insan haqlarını öz mənafeləri naminə tapdalamağa qadir, siyasətin ən iyrənc və çirkin üzlərini özlərində təcəssüm etdirən şəxslər imzalayıblar.

Təbii ki, bu şəxslər özləri də Qərb siyasətinin icra mexanizmləri, əlaltılarıdır. Bu əlaltılar isə təkcə sözügedən layihə ilə kifayətlənmirlər. Məsələn, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) sifarişli "araşdırması", "Freedom House"un hazırladığı material, separatçı Ruben Vardanyanın dəstəkçisi Samanta Pauerin bəyanatı (USAID-in ermənilərin Qarabağı kütləvi tərk etməsinə dair araşdırması barədə - red.), Natali Luazonun Avropa Parlamentində "Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi" gününün əbədiləşdirilməsi üzrə fəaliyyəti də eyni qəbildəndir.

Məqsəd ABŞ və Fransanın Ermənistan vasitəsilə icra etməyə çalışdığı planı işlək hala salmaq, münaqişəni yenidən canlandırmaq və regionda gərginlik yaratmaqla bu gərginlikdən mənfəət əldə etməkdir.

ABŞ və Fransa hazırda Ermənistanı fəal şəkildə silahlandırmağa davam edir. Son dövrlərdə bunu sübut edən bir sıra sənədlər imzalanıb, gizli qapılar arxasında qurulmuş bir çox sövdələşmənin isə üstü açılıb. ABŞ və Fransa həmçinin Ermənistanı maliyyə vasitəsilə də şirnikləndirir. Belə ki, İrəvan Qərbdən külli miqdarda yardım alır, üstəlik bu yardımların miqdarı getdikcə artmağa davam edir. Bütün bunlarla yanaşı Qərb öz planlarında baş əlaltı seçdiyi Ermənistanı piarı ilə də məşğul olur. Təbii ki, bu işdə ABŞ və Fransanın müvafiq şirkətləri ön planda dayanırlar. Bu şirkələrdən biri də elə yuxarıda adı çəkilən separatçı Ruben Vardanyanın reklamı ilə məşğul olması ilə tanınan "Edelman" şirkətidir. Şirkətin ölkəmizdə "məşhurlaşma"sının səbəbi məhz Vardanyana verdiyi "şəksiz" dəstəkdir. Hansı ki, bu dəstəyin səbəbi ilk növbədə onun pulları və çirkli pulların yuyulmasında qazandığı zəngin "təcrübə"dir.

Nəticə

Qərbdə cızılıb Qafqazda icra olunan bu plan Ermənistanın xam xəyallara qapılması ilə nəticələnir və rəsmi İrəvan öz mövqelərini sərtləşdirmək qəflətinə düşür. Müharibə rüsvayçı məğlubiyyəti ermənilərə unutdurur və İrəvan getdikcə daha çox Qarabağ haqqında danışmağa can atır. Bu ölkənin rəhbərliyi və Xarici İşlər Nazirliyi "etnik təmizləmə" barədə cəfəng fikirlər səsləndirməkdən çəkinmir.

Görünən odur ki, Ermənistan tarixdən dərs çıxarmaq əvəzinə öz xülyalarının arxasınca qaçmaq yolunu tutur. Baş verən proseslərdə, atılan addımlarda, Qərbin canfəşanlığında ermənilərin sadəcə əlaltı olduğunu yalnız onların özləri anlaya bilmirlər. Belə olan halda isə bir gün taleyin ümidinə buraxılacaqları həqiqətini də unutmuş olurlar. Bu davranış və süni "cürət" tanışdır və ən yaxın tarixdə Azərbaycanın keçirdiyi antiterror tədbirləri vasitəsilə layiqincə cəzalandırılıb. Ermənistan yenidən eyni yolla getməyə çalışırsa, palçığa ikinci dəfə batmaq istəyirsə, aqibətini təxmin etmək o qədər də çətin olmamalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ