“Yanacağın qiymətinə və keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2020-ci ilin sonuna olan rəqəmlərə görə, 36 yanacaqdoldurma məntəqəsi üzrə yoxlamalar aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub. Vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli Xeberleragentliyi.com-a Ai-92 markalı benzinin keyfiyyətilə bağlı şikayətlərə dair sualını cavablandırarkən deyib.
Xidmət rəsmisi qeyd edib ki, istehlakçıların dediklərində həqiqət var:
“Çünki yanacağın keyfiyyətində problemlər var. Yanacağın keyfiyyətilə əlaqədar standart hazırlanıb. Standartlaşdırma İnstitutu tərəfindən yanacağın istehsalından başlayıb vətəndaşa çatanadək standartlar müəyyənləşib. Həmin standartlar razılaşma mərhələsindədir. Ümid edirik ki, həmin standartlar tətbiq edildikdə, qeyd edilən problemlər aradan qalxacaq”.
Azərbaycanda Ai-92 markalı benzinin satış qiyməti Tarif Şurasının 20121-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır. Həmin qərarla Ai-92 markalı benzinin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib./XALQ.AZ.
Bahalaşmadan sonra Ai-92 markalı benzinin keyfiyyətinin yaxşılaşacağı gözlənilirdi. Amma bu, baş vermədi… Sürücülər son vaxtlar Ai-92 markalı benzinin keyfiyyətinin daha da pisləşdiyinii bildirirlər. Halbuki, məntiqlə qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi.