Dekabrın 11-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın Azərbaycan Milli Xalça Muzeyində növbəti təqdimatı keçirilib.
Xalça İqtisadiyyat Nazirliyi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ortaq layihəsi olsa da, artıq ideyasına və sənət həllinə görə görkəmli sənət əsəridir. Belə iri həcmli, böyük istedad, fantaziya və zəhmət bahasına ərsəyə gəlmiş gözəl əsər tam layiq olduğu məkanda bir daha təqdim edilib.
Təqdimatdan öncə toplaşanlara Ulu öndər Heydər Əliyevin Xalça Muzeyinə ziyarətlərindən, onun milli xalça sənətinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq belə gözəl və unikal sənət əsərinin muzeydə sərgilənməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalçanı qədim milli xalça sənətinin ən yaxşı ənənələrinin davamı kimi qiymətləndirib: “Bu triptix-xalça, əslində, Ulu öndərin həyatının, amalının xalça dilində kodlaşdırılmış hekayəsidir. Bu əsər yeni olsa da, qədim mədəni irsin daşıyıcısıdır”.
#MədəniyyətNazirliyi #mədəniyyət #xalça
