Noyabrın 21-də COP29 çərçivəsində Azərbaycan pavilyonunda “Yaradıcı müzakirələr: yaradıcı sənayelərin iqlim dəyişmələrinə təsiri” mövzusunda panel sessiyası keçirilib.
Panel Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və “Yaradıcı müzakirələr” layihəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov yaradıcılıq sənayeləri ilə bağlı təcrübələrin davamlı mənimsənilməsi və yaşıl istehsal metodlarına keçidin dəstəklənməsinin zəruriliyini qeyd edib.
Yaradıcı Mərkəz haqqında məlumat verən şöbə müdiri deyib ki, mərkəz "Azərbaycan Respublikasının 2022–2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində təsis edilib. Yaradıcı Mərkəz innovativ ideyaları yüksəkkeyfiyyətli məhsullara çevirməyə fokuslanaraq bacarıqların təkmilləşdirilməsi və kommersiyalaşdırma, peşəkar təlimlər, həmçinin biznes mülkiyyəti ilə bağlı ekspert xidmətləri təqdim edir. Mərkəzin fəaliyyət sahələrinə kino, animasiya, incəsənət, oyun inkişafı, musiqi, media və digər yaradıcı klasterlər daxildir.
UNICEF-in proqram mütəxəssisi Alla Tynkeviç yaradıcılıq sənayelərinin onun təmsil etdiyi təşkilatla əməkdaşlığı məsələsinə toxunub, gənc nəsillərdə ekoloji şüurlu davranışları təşviq etmək üçün görülə biləcək işlərdən bəhs edib.
Sonda panel iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.
#Azərbaycan #MədəniyyətNazirliyi #UNICEF #COP29 #COP29Azerbaijan