18 Oktyabr Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan, milli qürurumuzu və dövlətçilik iradəmizi təcəssüm etdirən əlamətdar gündür. Bu tarix xalqımızın öz taleyinə sahib çıxmaq, müstəqil dövlət qurmaq və beynəlxalq aləmdə suveren ölkə kimi mövqeyini müəyyənləşdirmək arzusunun gerçəkləşməsinin mühüm mərhələsini ifadə edir.
1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan Respublikasının müstəqilliyinin bərpasını hüquqi baxımdan rəsmiləşdirdi. Bu hadisə xalqımızın gələcəyini özü müəyyənləşdirmək istəyinin və milli dövlətçilik ənənələrinə sadiqliyinin nəticəsi idi. Azərbaycan yeni tarixi mərhələdə müstəqil siyasi kursunu formalaşdırmaq və milli maraqlarını qorumaq imkanı qazandı.
Müstəqillik yolunun başlanğıcı mürəkkəb hadisələrlə müşayiət olundu. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran və müharibə şəraiti dövlət quruculuğuna ciddi təsir göstərirdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olundu, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Bu faciələr xalqımızın yaddaşında dərin izlər buraxdı və dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinin nə qədər vacib olduğunu göstərdi.
Zaman keçdikcə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. Enerji layihələri, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və infrastrukturun yenilənməsi ölkəmizin inkişaf imkanlarını genişləndirdi. Müstəqillik dövründə formalaşan iqtisadi potensial dövlətin gələcək məqsədlərinin həyata keçirilməsi üçün mühüm zəmin yaratdı.
Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyin təmin olunması da xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad edildi, 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində suverenliyi bərpa olundu. Bu hadisələr ölkəmizin müasir dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin fədakarlığı yüksək qiymətləndirilir.
Bu gün qarşıda duran vəzifələr sırasında azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının davam etdirilməsi, iqtisadi imkanların genişləndirilməsi və bölgələrdə dayanıqlı inkişafın təmin olunması xüsusi yer tutur. Bu istiqamətdə görülən işlər ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün güclü dövlətlə yanaşı, savadlı, məsuliyyətli və vətənpərvər cəmiyyət də vacibdir. Gənclərimizin müasir biliklərə yiyələnməsi, milli-mənəvi dəyərləri qoruması və ölkənin inkişafında fəal iştirak etməsi müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir.
18 Oktyabr bizə keçmişin dərslərini unutmamağı, bu günün imkanlarını düzgün qiymətləndirməyi və gələcək üçün məsuliyyət daşımağı xatırladır.
Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edirik! Arzu edirik ki, Azərbaycan daim müstəqil, suveren və güclü dövlət kimi inkişaf etsin. Doğma torpaqlarımızda həyat daha da canlansın, xalqımız rifah və əmin-amanlıq içində yaşasın. Dövlətimizin müstəqilliyi əbədi, xalqımızın birliyi sarsılmaz olsun!
Elxan Yaqubov
Bioloji Təbabət Klinikasının rəhbəri
