Sizin reklam burada
Sizin reklam burada

Çatdırılma ilə sifariş etdiyiniz qidalar təhlükəli ola bilər - Ekspertdən xəbərdarlıq

Çatdırılma ilə sifariş etdiyiniz qidalar təhlükəli ola bilər - Ekspertdən xəbərdarlıq

"Yay aylarında havanın yüksək temperaturu qidaların təhlükəsizliyi baxımından əlavə risklər yaradır. Çatdırılma ilə yemək sifariş edərkən diqqətli olmaq lazımdır".

Bunu açıqlamasında qida eksperti Fərid Səfərov deyib.

F.Səfərov bildirib ki, xüsusilə soyuq zəncir tələb edən və tez xarab olan məhsullar isti havada uzun müddət uyğun temperaturda saxlanılmadıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaranır:

"Bu səbəbdən çatdırılma zamanı temperatur rejiminə ciddi əməl olunması vacibdir. İsti aylarda mayonezli salatlar, süd və qaymaq tərkibli yeməklər, kremlə hazırlanan məhsullar, suşi, çiy və ya az bişmiş ət və balıq məhsulları, eləcə də dəniz məhsulları daha yüksək risk daşıyır. Bu qidalar günəş şüası altında və ya isti avtomobildə uzun müddət qaldıqda keyfiyyətini və təhlükəsizliyini itirə bilər. Digər isti yeməklər də uzun müddət ilıq temperaturda saxlanıldıqda təhlükəsiz olmaya bilər".

Onun sözlərinə görə, istehlakçılar yemək sifariş verərkən etibarlı və qida təhlükəsizliyi qaydalarına əməl edən obyektlərə üstünlük verməlidirlər. Yemək çatdırıldıqdan sonra mümkün qədər tez istehlak edilməli, uzun müddət otaq temperaturunda saxlanılmamalıdır:

"Əgər qablaşdırma zədələnibsə, yemək kifayət qədər isti və ya soyuq deyilsə, rəngində, qoxusunda və ya görünüşündə dəyişiklik hiss olunursa, həmin məhsulu istehlak etmək məsləhət görülmür".

Ekspert xatırladıb ki, yay aylarında qida zəhərlənmələrinin qarşısını almağın ən effektiv yolu qidanın düzgün temperaturda hazırlanması, daşınması və saxlanılmasıdır:

"İstehlakçı da bu zəncirin son halqası olaraq məhsulu vaxtında qəbul etməli və uyğun şəraitdə saxlanılmalıdır".

  • Sosial şəbəkədə paylaş