Son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olmuşdur. Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçirmişlər.
Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır.

