Yayın istisində buz kimi soyuq su içmək orqanizm üçün faydalı deyil, əksinə, sağlamlığa zərər verə bilər.
Bu barədə terapevt və kardioloq Andrey Kondraxin "Aif.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, orqanizm həddindən artıq qızdıqdan sonra soyuq su içilməsi daxili orqanların kəskin soyumasına səbəb olur.
"Soyuq su mədəni tez soyudur, qan isə bu soyuqluğu qaraciyər və mədəaltı vəzə ötürür. Bu isə orqanizm üçün stress yaradır və soyuqdəymə riskini artıra bilər", - deyə o qeyd edib.
Mütəxəssis isti havalarda buzlu içkilər əvəzinə ilıq su içməyi tövsiyə edib. Onun sözlərinə görə, bədən temperaturuna yaxın olan su daha sürətlə mənimsənilir, əlavə enerji sərf olunmadan orqanizmin maye ehtiyatını bərpa edir.
Andrey Kondraxin isti havalarda düzgün su qəbulunun da vacibliyini vurğulayıb. O bildirib ki, gündəlik su norması hər kiloqram çəkiyə təxminən 30 millilitr hesabı ilə müəyyənləşdirilməlidir. Su bir dəfəyə deyil, kiçik qurtumlarla və tədricən içilməlidir. Gəzinti zamanı da suyu az-az qəbul etmək tövsiyə olunur. Həkim bildirib ki, qısa müddətdə çoxlu su içmək ürəyə əlavə yük yarada bilər.
