
Azərbaycan xalqının şərəfli tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Bu tarix təkcə bir siyasi hadisə deyil, həm də dövlətçiliyimizin qorunmasının, xalqımızın birliyinin və müstəqil Azərbaycanın gələcəyinin təmin edilməsinin rəmzidir.
1993-cü ildə ölkəmiz çətin və mürəkkəb bir dövr yaşayırdı. Daxili siyasi qarşıdurmalar, iqtisadi böhran və qeyri-sabitlik Azərbaycanın müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir taleyüklü zamanda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə yeni bir mərhələnin əsasını qoydu. Onun uzaqgörən siyasəti nəticəsində dövlət idarəçiliyində sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Milli Qurtuluş Günü ölkəmizdə milli həmrəyliyin, vətən sevgisinin və dövlətçiliyə bağlılığın ən parlaq nümunələrindən biri hesab edilir. Məhz həmin dövrdə qəbul edilən strateji qərarlar Azərbaycanın iqtisadi gücünün artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə və gələcək uğurlarının təməlini təşkil etdi.
Bu gün Azərbaycan dünyada öz sözünü deyən, güclü iqtisadiyyata və müstəqil siyasətə malik bir dövlət kimi tanınır. Əldə olunan bütün bu nailiyyətlərin başlanğıc nöqtələrindən biri məhz 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix hər bir vətəndaşa dövlətçiliyin qorunmasının, milli birliyin və sabitliyin nə qədər qiymətli olduğunu bir daha xatırladır.
Milli Qurtuluş Günü Azərbaycan xalqının keçdiyi şərəfli yolun, qazandığı uğurların və gələcəyə olan böyük inamının ifadəsidir. Bu gün hər bir azərbaycanlı üçün qürur, iftixar və vətənpərvərlik hisslərinin daha da gücləndiyi əziz bayramdır.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Vətənimizə əbədi müstəqillik, xalqımıza möhkəm birlik, sağlamlıq, əmin-amanlıq, bol ruzi-bərəkət və yeni uğurlar arzulayırıq. Milli Qurtuluş Gününüz mübarək!
Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru
