(Şükür Malik oğlu Məmmədlinin işıqlı xatirəsinə)
Bəzən bizə elə gəlir ki, əhatəmizdə olan, salam verib, hal-əhval tutduğumuz adamları yaxşı tanıyırıq. Münasibətlər dərinləşəndə görürsən ki, yanılmısan, sən demə, bir var zahiri tanışlıq, bir də var insanın mənəvi dünyası, daxili aləmi. Bu aləmi biz bilirikmi və yaxud bilmək istəyirikmi?!. Axı, daxili aləmi duymaq, ona doğru dürüst qiymət vermək hər adamın işi deyil. Ona görə də bizlərdən hər birimiz daxili düşüncələrimizi ətrafımızdan gizlədirik, bu düşüncələrlə baş-başa qalırıq.
Təəsüf ki, ancaq bir İNSANı itirdikdən sonra onun qiymətini bilirik. Ancaq gec olur. Nə etsən də o boşluq dolmur.
3 dekabr 2025-ci il... Gecə saatlarında Şükür Malik oğlu Məmmədlini - gözəl insanı, yaxşı ailə başçısını, dəyərli vətəndaşımızı, qohumcanlı bir oğulu itirdik. 18 oktyabr 1954-cü ildə doğulmuşdu, İsmayıllı rayonunun Basqal kəndində. Cəmi 71 il yaşadı. Ancaq bəzilərinin 90 ilə görə bilmədiklərini Şükür 71 ilə sığışdırdı. Hüquqşünas idi. Bakıda yaşadı, bir müddət Ukraynada məskunlaşdı, çalışdı, bacarığını göstərdi, bu sahədə xeyli fəaliyyət göstərdi.
Heyhat, aramızdan tez köçdü. Övladlarını yerbəyer etmişdi, baba idi...
Nə edəsən ki, ömür yolu, tale qisməti bizi yaradanın ixtiyarındadır, bizlərə qədər yaşamış əcdadlarımız bu yolu keçib, xatırlanaraq əbədi bir tarixə çevriliblər.
Bu gün bizlərə xatirə olaraq qəlbimizdə ayrılıq həsrətini yaşadan bir insanı kövrələrək yada salır, onunla birlikdə keçirdiyimiz xoş günlər bir daha gözümüz önündə canlanır. Gəlimli-gedimli dünya sirrini heç kimə verməyərək, hər birimizə bu dünya həyatını görməyə imkan verən və qəfil əlimizdən alan sirli-sehrli həyat, sən nə qəribəsən? Bir vaxtlar bizimlə birlikdə olan canlı bir insan indi bir şəkildən onun xatirəsini yad edən insanların toplaşdığı mərasim zalında bizlərə doğru baxır, gözlərində necə dərin mənalar olduğu aydın sezilir…
Belə məqamlarda şirin xatirələr yada düşür. Başabəla koronavirusun kəskin vaxtları ötüşəndən sonra Fateh dayımın oğlu Hüseyn oğlu Fatehin toyunu edəcəkdi. Bundan əvvəl xalamız Güllübəyimin oğlu Vaqif oğluna toy edirdi. Şükür, xala oğlu Fəxrəddinlə bərabər mən də dəvətli idim. Gözəl bir toy mərasimi keçirildi. Arada Şükür bildirdi ki, Hüseyn səni toya çağırıbmı? Dedim xeyr. Yəqin ki, çağırar deyə əlavə etdi. Bu söhbətdən bir həftə keçdi, Hüseyndən xəbər çıxmadı. Bir gün də gözlədikdən sonra özüm Hüseynə zəng etdim, hal-əhvallaşandan sonra gördüm toy söhbəti etmir. Özüm söz saldım ki, deyəsən Fatehin toyunu edəcəksən. Haradan bildiyimi soruşanda dedim mollaquşu xəbər verib. İkimiz də gülüşdük. Hüseyn nəzərimə çatdırdı ki, qıymır, əziyyət vermək istəmir. Mən də əvəzində dedim ki, qohuma qohuma nə gündə gərəkdir? Çağırmasan da gələcəyəm. Birtəhər ünvanı alıb mütləq iştirak edəcəyimi qətiyyətlə bildirdim.
Bir neçə gündən sonra Şükürə zəng edib söhbətimizin məzmunun ona çatdırdım. O da eşidib həm güldü, həm də təəccübləndi (Bilirdi ki, çağırıldığım heş bir yerdən qalmıram). Qərarlaşdırdıq ki, imkan olsa, bir yerdə gedərik.
Bir yerdə gedə bilməsək də, toyda bir masada əyləşdik. Onda xalam Şölə sağ idi. Qızı ilə gəlmişdi. Nizami xala oğlu da Basqaldan təşrif buyurmuşdu. Qohumların əhatəsində Fatehin də toyunu yola verdik. Bu gün Hüseyn dayı oğlu babadır...
İki il əvvəl əmi nəvəsi Kənanın toy mərasimi düzənlənmişdi. Basqalın girəcəyində yerləşən “Əmrəki” istirahət mərkəzində. Burada da camaat çox idi, qohumlar hər yandan toplaşmışdı. Bu toyda isə daha çox Şükürün böyük qardaşı Pərvizin gəlişinə sevindim. Çoxdan idi bir-birimizi görmürdük. Bu toyda da Şükürlə eyni masanı bölüşürdük. Bundan bir neçə gün əvvəl mənim ad günüm olmuşdu, Şükür feysbuk vasitəsilə təbrik etmişdi. Birdən dedi ki, gedən Saşının (qəssab Rasim əminin oğlunun burada icarəyə götürüb işlətdiyi obyekt var idi. Əslində onunla da qohum idi Şükür.) yanına, orada ad gününü qeyd edək. Dedim ki, elə burada da qeyd edə bilərik. Sərdar əmim də nə qədər dedisə, Şükür razılaşmadı, israrla məni aparacağını bildirdi. Cavabında vurğuladı ki, burada tünlükdür. İkimiz - iki qohum oturub qeyd edək. Bəli, durub ora getdik. Elə təzə oturmuşduq, Şükür dedi ki, bəlkə bacın oğlu Emini də çağırasan, maraqlı olar, bir az söhbətləşək. Onu da dəvət etdim, həm ad günümü qeyd etdi, həm də bacı oğlu ilə daha yaxından tanış olmaq imkanı qazandı. Ona dəyərli məsləhətlərini verdi, onu istiqamətləndirdi. Həmin görüş mənim üçün ən yaddaqalan, unudulmaz oldu...
Ondan sonra cəmi bir dəfə yas məclisində Şükürü gördüm...
Dostları onu belə xatırlayırlar.
Ayiq SƏMƏDOV: “Dünən axşam saatlarında dostumuz, tanınmış hüquqşünas Şükür Məmmədli vəfat edib. Şükür müəllim 18 oktyabr 1954-cü ildə füsunkar Basqalda doğulub boya-başa çatsa da,özünü həm də Masallılı sanırdı.
Azərbaycan Dövlət Universitetini bitirib Masallıya təyinat alan gənc hüquqşünas Ş.Məmmədli burada notarius xidmətinin yüksəlməsində zəhməti çox olub. 7 il Masallıda çalışan və burada çoxlu dost qazanan Şükür müəllim harada işləməsindən asılı olmayaraq Masallılı dostlarını unutmur, vaxt tapan kimi Masallıya baş çəkərdi.
Şükür müəllim Masallı və Bakıda notarius, Ədliyyə Nazirliyində, İsmayıllıda Məhkəmənin sədri olaraq xətir-hörmətlə çalışmış, bu gündə o, hörməti-izzəti qoruyub saxlayan nadir insanlardan idi. Savadlı hüquqşünas, intellekt zəkalı, tarixi bilgilərə malik, dünya ədəbiyyatına yetərincə bələd olan Ş Məmmədlini Masallıda görmək bizlər üçün çox xoş olurdu. Sanki Basqalın - gözəl İsmayıllının füsunkar təbiətini bizlərə sovqat gətirdi gəlişiylə.
Yerindən-yurdundan asılı olmayaraq bütün dostları Şükür müıllimi çox istəyib. Həmçinin mən də, masallılılar da...
Allah rəhmət eləsin. Məkanın cənnət, ruhun şad olsun, qardaş!”
Əli GULİYEV: “Şükür müəllimin vəfatı xəbəri məni dərindən üzdü. AzXP-nin millət vəkili Şükür Məmmədli ilə qısa müddətli əməkdaşlığımız zamanı onun professional bir hüquqşünas, son dərəcə ləyaqətli bir vətəndaş, ədalətli və gözəl bir insan olduğunun şahidi oldum .
Şükür müəllimlə son telefon danışığımız avqust ayında oldu, Şükür müəllim doğma kəndi Basqala gəldiyini dedi və Xalq Parlamentinin toplantısına qatıla bilməyəcəyindən təəssüfləndiyini bildirdi.
Şükür müəllim ölkədə barmaqla sayılan namuslu, ədalətli iki-üç hakimdən biri olub .
Mənim üçün Şükür müəllimlə bir təşkilatda olmaq böyük bir qürur və şərəf idi.
Allah dəyərli həmkarımız və əzizimiz Şükür müəllimə rəhmət eləsin! Şükür müəllimin parlaq xatirəsi həmişə qəlbimizdə yaşayacaq!”
Dostlarının söhbətlərindən də göründüyü kimi, Şükür Məmmədli çox vətənpərvər, yurdsevər bir insan idi. Basqalda yay aylarında olanda, dincələndə məni də dəvət edirdi. Deyirdi ki, ay bacıoğlu, nə olar 5-10 gün gəlib dincəlsənə. Söhbətimiz çox vaxt alınırdı, qarşılıqlı olaraq mükalimələr, polemikalar edirdik. Mən həmişə onunla söhbətdən sonra özümü cavan hiss edir, ondan ruhən qidalanırdım. Mən isə işimin çoxluğunu qeyd edəndə deyirdi ki. Özünü işə satma, iş qaçmır. Canına, sağlamlığına fikir ver. 2019-cu ildə mən səhhətimin ağırlaşması ilə bağlı Semaşko xəstəxanasında yatanda mətbuatda mənim ölməyim barədə məlumat getmişdi. İlk dəfə telefonla arayıb axtaran məhz o, sonra isə Hüseyn olmuşdu. Səsimi eşidəndən sonra ikisi də rahatlıq tapmışdı. Ona görə Şükür qayğıma qalır, dəyərli məsləhətlərini verirdi.
Rərmətlik atamla kənddən rayona gedəndə ilk baş çəkdiyimiz məkan yolumuzun üstündə olduğu üçün Malik dayıgil, sonra da Saleh dayı olurdu. Səhər naharına özümüzü çatdırırdıq. Malik dayı atamın da, mənim də xətrimi çox istəyirdi. Bu qarşılanmanı Pərvizlə Şükür evlərində görəndə sevinirdilər.
Bir dəfə rayon icra hakimiyyətinin başçılarından biri Bakıda yaşayan ziyalılarla görüş keçirirdi. Şükür də həmin tədbirə dəvətli idi. İcra hakimiyyətinin başçısı üzünü zala tutub kimin nə sualı, kimi nə narahat etdiyini soruşanda Şükür çox ağıllı formada, hüquqi əsaslarla problemləri çatdıranda icra başçısı özündən çıxdı, Şükürü günahkar qismində görmək istədi. Şükür isə yenə ayağa qalxıb dediklərini təkrarladı və zaldan çıxdı... Bu Şükürün prinsipiallığına bir işarədir.
Qeyd etdiyim kimi, basqallıların, eləcə də ismayıllılıların elə bir tədbiri, məclisi olmazdı ki, Şükür onu ötürsün. Həmişə elə qarışırdı, camaatın arasında olurdu.
Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: “Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq!” Bəli, dayı oğlu kimi tanıdığım, rəğbət bəslədiyim, sadaladığım keyfiyyətləri özündə birləşdirən Şükür də məhz gözəl qəlbli idi.
Xatirələrimizdə əbədi qalmağı bacaran Şükür dayıoğlu haqq dünyasına qovuşdu, biz isə ondan ayrıldıq. Bu müvəqqəti, fani, ötəri dünyada ulu Tanrının qismət etdiyi şərəfli bir ömür yolu yaşadı.
Ailəsinin , onu tanıyanların qəlbində hər zaman əbədi yaşayacaq, Mais müəllim!
Ruhuna dualar oxuyaraq, Allahdan rəhmət diləyirik sənə, ruhun şad, yerin cənnət olsun. Amin!
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən,
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…
... Bəzən bizə elə gəlir ki, əhatəmizdə olan, salam verib, hal-əhval tutduğumuz adamları yaxşı tanıyırıq. Münasibətlər dərinləşəndə görürsən ki, yanılmısan, sən demə, bir var zahiri tanışlıq, bir də var insanın mənəvi dünyası, daxili aləmi. Bu aləmi biz bilirikmi və yaxud bilmək istəyirikmi?!. Axı, daxili aləmi duymaq, ona doğru dürüst qiymət vermək hər adamın işi deyil. Ona görə də bizlərdən hər birimiz daxili düşüncələrimizi ətrafımızdan gizlədirik, bu düşüncələrlə baş-başa qalırıq.
Təəsüf ki, ancaq bir İNSANı itirdikdən sonra onun qiymətini bilirik. Ancaq gec olur. Nə etsən də o boşluq dolmur...
Daşdəmir ƏJDƏROĞLU
