Sizin reklam burada
Sizin reklam burada

ŞAH ƏSƏRLƏR MAYASIDIR MÜƏLLİM

ŞAH ƏSƏRLƏR MAYASIDIR MÜƏLLİM



















Qəlbin çox genişdir, kamalın dərin,
Ata ülfətisən, ana mehrisən.
Yerin də, göyün də sirri, sehrisən,
Sevinsin ən yeni kəşflər, üsullar.
Əsil bir insan da onun barıdır,
Yerdən kainata uzanan yollar,
Müəllim ömrünün cığırlarıdır.

Azərbaycan xalqında çox gözəl atalar misalları var. Onlardan biri də belədir: "Alim olmaq asandır, insan olmaq çətin"... İnsanlar müxtəlif dinə, dilə, cinsiyyətə, xasiyyətə, mənsubiyyətə, xarakterə, daha nələrə, nələrə malikdir. Bəli, yer üzündə neçə milyon, neçə milyard insan olsa da, onlar zahirən bir-birinə bənzəsələr də, bir-birinə daxilən bənzəyən tam mənada ikincisi yoxdur. Ancaq bir məsələ var ki, sözün geniş mənasında insanlar ikiyə bölünür:yaxşı insan, pis adam... Bu yaxşı insanlar pis adamlardan fərqli olaraq təvazökar olur, gördükləri yaxşı işlərdən zövq alsalar da, özlərini gözə soxmur, təvazökar, sadə, eyni zamanda vətənini, dövlətini, xalqını sevən təvazökar insanlar olurlar. Bəli, hər bir insan həyatda bir dünyadır, istər yaxşı olsun, istər pis adam olsun. Hər bir insanın öz tarixi, öz dünyası, öz ömür payı var. Keşməkeşli, burulğanlı, sevincli, kədərli dünyası...Dünyaya göz açdığı gün, ay, il...məkan...ata...ana.., bunlar hamısı insanın tarixidir, ömür yoludur. Belə götürəndə baxırsan ki, hər şey yerli-yerində... İnsanların tarixi belə başlayır, sonra da hər kəs böyüyüb bir kəs olur, bir fərd olur. Vəzifəli, vəzifəsiz, fəhlə və alim, fərqi yoxdur, bu kəslərin həyat fəaliyyəti və bunları özündə toplayan xırda, ya da böyük, yaxşı və pis əməlləri və əlbəttə ki, yaşadığı dünyasının tarixi yazılır, sonra da tarixə dönür. Ona görə də insan gərək yaşadığı hər bir günün, anın qədrini bilsin, onu dəyərli etsin.
Haqqında söhbət açacağım insanın görünən tərəfləri fiziki, daxili aləmi, xarakter dünyası haqqında söz açmaq mənim üçün bir qədər çətindir. Ona görə çətin deyil ki, mən yazı yazmaqda acizəm, xeyr, ona görə çətindir ki, o, insan ucadadır, hər bir insanın nümunə götürmək istədiyi örnəkdir, məktəbdir. O, insan heç vaxt yaxşı yaşayım, firavan yaşayım, hər şeyim olsun, deməyib. Bu gün haqqında danışacağım insan həqiqətən ali olub, kamil bir insan olub. Bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirən bir insan olub. Ona görə də onun durduğu zirvəyə yaraşan, onun ucalığını əks etdirən söz söyləməkdə, onun həyat yolunu işıqlandıraraq bir yazıda bütün parametrlərini açmaqda deyərdim ki, söz də aciz qalır.
Zümrüd meşələr, əzəmətli dağlar-başı qarlı dağlar, yalçın qayalarla hər tərəfdən əhatə olunmuş gözəlliklərlə dolu Lahıc yurdunun övladı olmuşdur, rəhmətlik Tağı müəllim. Sənətinin əsil fədaisi olmuş, savadını, biliyini gənc nəslin təlim-tərbiyəsinə, savadlanmasına həsr edən Tağı Əəsdullayev bu cür fədakar insanlardan olmuşdur. 1919-cu ildə Lahıc qəsəbəsində anadan olmuş Tağı Məşədi Cəbrayıl oğlu Əsədullayev körpə vaxtında atasını itirmiş, əvvəl babası- dövrünün savadlı şəxslərindən olan Məşədi Əsədullanın, sonradan isə atalığı Cənnət kişinin himayəsində olmuşdur. 4 il Lahıcda təhsil aldıqdan sonra Cənnət kişin rayonda uşaq evinə işləməyə göndərilməsilə əlaqədar olaraq onu da özü ilə aparır və Tağı Əəsdullayev orta məktəbi İsmayıllıda əlaçı kimi başa vurur, şəklini rayon qəzetində dərc edirlər. Bu da ona instituta imtahansız qəbul olunmasına imkan verir. 1937-cı ildə məsləhət bilinir ki, həmin sinifdə onunla oxuyan, sonradan rayonun ən tanınan həkimlərindən olan Səfər Mirzəyevlə tibb institutunda təhsil alsınlar. 1 ay dərsə gedən Tağı Əsədullayev bu sənətin onluq olmadığını hiss edərək rayona qayıdır (sonralar Tağı müəllimin ən yaxın dostları da məhz həkimlər olur). Bu hadisədən xəbər tutan, onun ən sevimli müəllimi, çox hörmət etdiyi dəyərli insan, uzun illər İsmayıllı rayon maarif şöbəsinin müdiri işləmiş pedaqoji elmlər namizədi İsrail müəllimin məsləhətilə Tağı müəllim sənədlərini pedaqoji institutun riyaziyyat-fizika və astronomiya fakültəsinin əyani şöbəsinə verir.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar əyani şöbədə oxuyan tələbələrə təqaüd verilmədiyindən Tağı Əsədullayev 1940-cı ildə ərizə ilə müəllim işləmək üçün İsmayıllıya qayıdır və müəllimliyə başlayır. 1941-ci il oktyabr ayında hərbi xidmətə çağırılır. Tiflisə hərbi məktəbə 6 aylıq oxumağa göndərilir. Ancaq müharibə Qafqaza çatdığından dekabrın sonlarında cəbhəyə yola salınır, həm də bir snayperçi kimi. Mozdok şəhərinin müdafiəsində cəbhənin ön cərgələrində olur. Faşistlər üzərində qələbəni Macarıstanın paytaxtı Budapeştdə qeyd edir. 1946-cı ilin iyun ayına kimi Moldaviya (indiki Moldova) Rumıniya sərhəddində xidmət edir. Bu zaman Ali Sovetin ali təhsilli müəllimlərin hərbdən tərxis edilməsi qərarı çıxır və Tağı müəllim hərbi xidmətini başa çatdırır. 1946-cı ilin sentyabrından İsmayıllı rayonunda müharibədən əvvəl işlədiyi məktəbdə riyaziyyat və fikika fənnindən dərs deməyə başlayır. Ailə vəziyyətilə əlaqədar olaraq 1947-ci ildən Lahıc orta məktəbində işini davam etdirir. Eyni zamanda ali təhsilini qiyabi yolla başa çatdırır. 1950-ci ilin sentyabrından İsmayıllı rayon maarif şöbəsinə işə dəvət olunur. 1952-1953-cü illər ərzində rayon partiya komitəsində işləyir. Bu illərdə paralel olaraq pedaqoji işini rayon məktəblərində davam etdirir. Ailə vəziyyətilə əlaqədar 1954-cü ildən yenidən Lahıca qayıdır və məktəbdə riyaziyyat, fikiza və astronomiya fənnlərindən dərs deyir. 1960-cı ildən dərs hissə müdiri təyin olunur və 1979-cu ilədək, təqaüdə çıxan vaxta qədər bu vəzifədə çalışır.
Tağı Əsədullayev rayonun ən nümunəvi, qabaqcıl müəllimlərindən olmaqla dəfələrlə maarif şöbəsinin fəxri fərmanlarına, Azərbaycanın “Maarif əlaçısı” fəxri adına layiq görülmüşdür. Tağı müəllimin düzgünlüyü, haqqın tərəfdarı və prinsipiallığı ona bir çox ictimai işlərin həvalə olunmasına səbəb olmuşdur. O, müxtəlif illərdə məktəb ilk partiya təşkilatının katibi, rayon sovetinin deputatı, seçki komissiyasının sədri, qəsəbə yoldaşlıq məhkəməsinin sədri, qəsəbə istehlak (“Selpo”) şöbəsinin təftişçisi, rayon partiya komitəsinin məruzəçisi kimi ictimai vəzifələri yerinə yetirmişdir. Təqaüdə çıxandan sonra da təmənnasız olaraq ona hər hansı məsələ ilə əlaqədar müraciət edənləri həvəslə başa salır, onlara lazımi məsləhətlər verərdi.
Tağı müəllim 5 oğlan 4 qızı olmaqla böyük ailə başçısı olmuş, 4 oğlu ali təhsil alaraq savadlı mühəndislər olmaqla, sənayenin müxtəlif sahələrində çalışmışlar. Böyük oğlu Rasim müəllim hal hazırda 74 yaşı olmasına baxmayaraq Azərbaycanın ən böyük neft-qaz avadanlıqları istehsal edən zavodlarından birində idarə heyətinin texniki məsələlər üzrə müavini vəzifəsində işləyir.
Tağı müəllimin övladlarının onun haqqında xatırələrindən:
Boyük oğlu Rasim:
Atam çox zəhmli, zarafat xoşlamayan, hər şeyi olduğu kimi deməyi, qulaq asıb fikirləşərək cavab vermək xasiyyəti var idi. Bizə hər zaman sinifdə müəllimə yaxşı qulaq asmağı məsləhət görərdi. O, məktəbdə, rayonda, ictimai yerlərdə müəllim, evdə isə bizim üçün müəllim deyildi. O, sanki bizimlə tay-tuş kimi rəftar edərdi, düzdür zarafatı, şit söhbətləri xoşlamazdı, amma həmişə bizimlə yaşıdımız, dostumuz kimi rəftar edərdi. Mən ondan müharibə xatirələrindən soruşanda həvəslə o illər haqqında və hər dəfə hansı şəraitdə döyükdüşlərindən danışardı. Danışdıqlarından bir epizod yadımda qalıb: "Səngərdə idik, qış fəsli olduğundan qar yağmışdı, amma buna baxmayaraq hava nisbətən sakit idi. Mən qar üzərində riyazi tənlik yazıb həll edir, tanınmış yazıçı İsmayıl Şıxlı gündəlik yazır, heykəltaraş Fuad Əbdülrəhmanov (Bakıda Nizami və digər heykəllərin müəllifi) qardan heykəl düzəldirdi. Onlar atamın əsgərlik, cəbhə yoldaşları olmuşdu. Sonralar da atam hər Bakıya gələndə onlarla görüşərdi.
Atam halallığı hər şeydən üstün tutardu. Kəndimizə təzə elektrik xətti çəkilmişdi. Evlərdə elektrik sayğacı quraşdırılmış, bəzi qonşuların müdaxilə edərək onların disklərinin fırlanmasının saxlanmasını görmüşdüm, yəni elektrik sərfiyyatını qeydə almasın deyə. Mən də bir gün onlara baxıb nərdivan qoyub sayğaca müdaxilə etmək istəyirdim. Bu vaxtı nahara gələn atam məndən orda nə etdiyimi soruşdu. Mən də fərəhlənib (onda 9-cu sinifdə oxuyurdum) səbəbini dedim – tez düş aşağı, dedi. Həmin an qulağımı möhkəm dartaraq “heç vaxt işıq və digər şeylərə xəyanət etmə, halal ol ” dedi. İnanın, o sözlər mənim qulağıma elə həkk olundu ki, heç vaxt halallığımdan qalmadım, heç bir şeyə nəfis ötürmədim, çünki bunu atam bizə aşılamışdı.
Atamın son saatları olardı, yanında oturmuşduq, səhv etmirəmsə səhər saat 8 olardı. Başı üstündə Yasin sürəsi oxunurdu. Vəziyyəti çox ağır idi, artıq demək olar ki, dəqiqələrini sayırdı. Bir anlıq əlini qaldırıb divara sarı apardı və barmağı ilə “x+y” işarəsi qeyd etdi.
Böyük qızı Təranə;
Atamı “Selpo”dan Gəndo kəndinə mağazanı təftiş eyməyə göndərmişdilər. Mağazada xoşuna gələn parşa görür. Satıcı Mustafaya deyir, o çit parçadan 10 metr kəs aparacağam və satıcı səhvən çitin qiymətinə parçanı atama verir. Atam da çitin qiymətinə pulu ödəyir. Evə gəlir, anam parçaya baxır və deyir ki, bu ştapeldir, çit deyil, bu parçanın qiyməti baha olmalıdır. Atam maqazinçi Mustafaya zəng edib əsəbləşır – Sən mənə rüşvət vermisən?-deyir və kəndə gedənlərlə parçanın artıq pulunu maqazinə göndərir.
Oğlu Cəbrayıl;
Atamın dərs dediyi və sonradan hər biri müxtəlif sahələrdə işləyən şagirdləri kəndə gələndə onun yanına gələrdilər. Atam onları görəndə çox sevinərdi. Bizə deyərdi, baxın övladlarım, siz də müəllimlərinizə belə hörmət edin. Eşidəndə ki, hansısa şagirdi elmi dərəcə alıb, nailiyyəti var, uğuru var, elə sevinərdi ki, dərhal ona məktub yazıb təbrik edərdi.
Tağı müəlllim 1996-cı ilin oktabrın 17-də vəfat etmişdir. O, övladlarının və onu yaxından tanıyanların xatirəsində belə qalmışdır.
Həyat yollarında addımladıqca,
Müəllim gözülə baxdın cahana.
Əyrilik, yalanla olmamış aran,
Düzlük zirvəsində durmusan hər an.
Rasim Əsədullayev
Bəli, bu yazımızla bir vətənpərvər Azərbaycan övladının həyat və fəaliyyəti ilə tanış olduq. Həqiqətən də, müəllim keçmişi öyrədən, gələcəyi qurandır. Deyirlər, Tanrı hərəyə bir cür tale yazır, kiminə yarımçıq, kiminə bol-bol. Əlbəttə, bu yaradanın öz işidir. Nə yazıbsa, o da olmalıdır. Ancaq bir məsələ var ki, onu necə yaşayırsan, bu ömür payını, onun sayılı günlərini hara sərf edirsən, nəyə sərf edirsən. Məsələ bax, bundadır. Tağı Əsədullayev bir vətənpərvər oğul kimi, içi yurd, vətən sevgisi ilə dolu olan bir insan idi. Torpaqla, el-oba ilə nəfəs alardı. Tağı müəllimin yaşadığı ömür bu gün başqalarına nümunədir. Sözümüzün əvvəlində dediyimiz kimi, bu insan cəmiyyətə yararlı, faydalı vətəndaş olaraq özünün insanlığını layiqincə yerinə yetirdi. Tağı Əsədullayev olaraq öz şanlı tarixini belə yazdı, bütün insani keyfiyyətləri özündə formalaşdırdı, şərəflə yaşadı, daxilindən gələn şövq-təbii zəngin mənəviyyatını özünün əməlləri ilə tarixdə qoydu. Dünyada hər şeyə dəyər vermək mümkündür, ancaq müəllim əməyinə əsla. Hər birimiz həyatda tutduğumuz mövqedən, sənətdən, elmi fəaliyyətimizdən, yaradıcılığımızdan asılı olmayaraq bütün uğurlarımıza görə ilk öncə müəllimlərimizə borcluyuq. Əsərinin üzərində yeganə imzası olmayan sənətkar müəllimlərdir. Müəllim bir can deyil, min candır. Müəllim həqiqətən bir ziyalılıq örnəyidir. Bu məşəqqətli və şərəfli yolda ömrünü şam kimi əridən Tağı Əəsdullayevin bu günlərdə 105 illiyi olacaqdır. Tağı müəllimin xatirəsi onun doğmalarının, yaxınların, onu sevərlərin daima qəlbində yaşayacaqdır. Allahdan Tağı müəllimə rəhmət diləyir, ruhun şad olsun, deyirik. Amin !!!

TƏRANƏ ƏMİR QIZI CƏBİYEVA
YAZIÇI-PUBLİSİST

  • Sosial şəbəkədə paylaş