Səhiyyə Nazirliyi tərəfindən Respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılmış, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilmişdir. Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılmışdır.
Tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir.
Ombudsman Aparatının əməkdaşları tərəfindən psixiatriya müəssisələrinə mütəmadi ziyarətlər keçirilmiş, pasiyentlərin hüquqlarının təminatı vəziyyəti, saxlanma şəraiti və digər məsələlər yerində araşdırılmışdır. Səhiyyə Nazirliyi olaraq Ombudsman Aparatı ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir və icrası qısa zamanda mümkün olan tövsiyələr dərhal yerinə yetirilir.
Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq bu istiqamətdə bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo - sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması gələcəyə yönəlik planlarımızdır.