Sizin reklam burada
Sizin reklam burada

MÜBAHİSƏ DOSTLUQLA BİTDİ.

MÜBAHİSƏ DOSTLUQLA BİTDİ.

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə və mübahisə mövzusu olmuş neft yatağı barədə razılaşma əldə edilib. Karbohidrogen yatağı “Dostluq” adı altında tərəflərin birgə iştirakı ilə istismar olunacaq. Əlbəttə, bu böyük uğurdu və iqtisadi səmərəsi ilə yanaşı siyasi və tarixi əhəmiyyəti o cümlədən gələcək ittifaqların və əlaqələrin qurulması baxımından çox vacibdir.

Türkmənistan Xəzər hövzəsi və Türkdilli ölkələrlə əlaqələrin və birgə startegiyanın formalaşdırılması baxımından zəif nöqtələrdən biri idi. Halbuki, həm Türkdilli ölkələrlə işbirliyi və Transxəzər enerji layihələrinin birgə işlənməsi baxımından ölkəmiz və Avropa Birliyi nəznində staretiji önəmi ola biləcək ölkələrdəndi.

Birgə istismar olunacaq yatağı əvvəllər Azərbaycan tərəfi “Kəpəz” Türkmənistan tərəfi isə “Sərdar” adlandırırdı. Hər iki tərəf yatağın onun ərazisində yerləşdiyinə iddia etdiyi üçün 30 ilə yaxın idi ki, gərginliklər yaşanırdı. Hətta buna görə Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov 1997-ci ildə “Xəzərdən qan iyi” gəlir bəyanatını da səsləndirmişdi.

Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, habelə onun dibi və orada olan təbii ehtiyatlarla bağlı mürəkkəb suallar ortaya çıxdı: bu ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər bölünməlidirsə, onda bu hansı əsasda həyata keçirilməlidir?
Buna görə də tərəflərin Xəzərdə “ərazi sularının” müəyyən edilməsində yanaşmaları uzun müddət fərqli olmuşdur.
Ərazi suları – sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində ərazi suları ilə bağlı mövqeyini əks etdirərək göstərmişdir ki, - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Qeyd edim ki, Xəzər heç bir dənizə və ya okeana çıxışı olmayan qapalı, daxili göldür. Su hövzələrində sərhədlərin və hüquqların müəyyənləşdirilməsində həmin su sahəsinin “qapalı” və ya “açıq” olmasının əhəmiyyəti böyükdür.

Qapalı dəniz dedikdə, bir neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan su hövzələri başa düşülür.

Açıq dəniz isə - beynəlxalq hüquq normalarına uyğun olaraq bütün dövlətlərin azad və bərabər istifadəsində olan su ərazisidir.
Açıq dənizlərin hüquqi statusu 1982-ci il oktyabrında qəbul edilmiş Dəniz hüququ üzrə BMT Konvensiyası ilə tənzimlənir. Qapalı dənizlərlə bağlı hüquqi status (ərazi sularının müəyyən edilməsi, nəqliyyat və yük daşımaları, bioresurslardan istifadə, dəniz səthindən və təkindən və s. istifadə qaydaları) isə sərhədyanı ölkələr arasında olan razılaşmalarla tənzimlənir. Okean və dəniz sularına aid olan geniş normalar sistemi daxili dənizlərə tam və birbaşa tətbiq olunmur. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının prembulasında yalnız “dəniz və okeanlar”dan danışılır. Amma bəzən adət hüququ kimi qapalı su hövzələrinin statusunun müəyyən edilməsi zamanı “Dəniz hüququnun” normalarına da istinad edilir.

Sovet İttifaqı dağılana qədər yalız iki Xəzəryani dövlət var idi: İran və SSRİ. Problem burasındadır ki, Xəzərdə Sovet-İran sərhədləri heç bir vaxt müəyyən olunmamışdı.

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillərdən biri onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran dənizin hüquqi statusunu müəyyən edə bilmirlərdi. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmaması idi.

Xəzərlə bağlı ilk razılaşmalar Peterburq (1731), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə hüquqi “status” zamana və müvafiq şəraitə görə formalaşmışdı. Bu müqavilələrlə Rusiya imperiyasına Xəzərdə böyük imtiyazlar verilirdi.

Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il 26 fevralda Moskvada imzalanmış Rusiya-İran (Qacarlar) müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində göstərilir ki, - 1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini İran və Rusiya su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır".

Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi. Bu müqavilələr 1921, 1935 və 1940-cı ildə imzalanan “SSRİ və İran arasında ticarət və dənizçilik” haqda olmuşdu.

İkinci dünya müharibəsindən sonra iki dövlət arasında 1954-cü ildə bağlanmış Sərhədlərin nizamlanması haqqında müqavilədə Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilsə də dənizin özündəki sərhədlə bağlı isə heç nə göstərilməmişdir.

İlk dəfə 1970-ci ildə Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmış və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya SFSR, Qazaxıstan SSR, Azərbaycan SSR, Türkmənistan SSR habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdür. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür.

Buna görə də neftçıxarma əməliyyatları bu və ya digər respublikanın müvafiq müəssisəsinə, həmin respublikanın dəniz zonasına yaxınlıq əsasında – həvalə olunmuşdu. Belə ki, bu günki “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” yataqlarının daxil olduğu zona Azərbaycanda yerləşən “Kaspmor Neftqaz”-a həvalə olunmuşdu. “Dostluq” adı ilə istismarı nəzərdə tutulan yatağı azərbaycanlı mütəxəssislər 1989-cu ildə aşkar etmişlər. Türkmənistanın oxşar müəssisəsi “Kəpəz”dən şərqə olan zona üçün məsul idi. Göstərilən dörd yataq Kaspmor Neftqaz tərəfindən təşkil olunmuşdu və “Günəşli” artıq sovet dövründə istismar olunurdu.
“Azəri” yatağının yerləşdiyi zona 1991-ci ilin yanvarında SSRİ Neft və qaz sənayesi nazirliyi və Azərbaycan SSR-in Nazirlər Soveti tərəfindən birgə tenderə qoyulmuşdu. Tenderə icazə verən qərarda deyilirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda dörd nəhəng neft və qaz yatağı kəşf edilmişdir”.

SSRİ parçalandıqdan sonra “Günəşli”, “Çıraq” və “Kəpəz” yataqları üçün kontraktlar üzrə danışıqlar yalız Azərbaycan hökuməti tərəfindən aparılırdı. Bələliklə, Sovet dövründəki praktika və adət hüququ Xəzərdə respublikalar arasında daxili inzibati sərhədlərin olmasını de-facto tanıyırdı. Sovet İttifaqının dağıdılmasından sonra de-facto sərhədlər varis dövlətlər tərəfindən qəbul edildi. Bu zaman onlardan hər biri öz de- facto dəniz ərazisi hüdudlarında dəniz ehtiyatlarını istismar etməkdə davam etdilər.

Xəzərsahili digər ölkələr öz müstəqilliklərini əldə etdikdən sonra ikili və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar aparmışlar. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması aşkar olunmuşdu. Hüquqi status məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlərdi.

İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi digər ölkələr tərəfindən rəğbətlə qarşılanmırdı. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycanın razılığı ilə fəaliyyət göstərən Exxon və BP kimi Qərb şirkətlərini qorxutmaq üçün ərazidə hərbi təlimlər keçirirdi.

Rusiya ilə Qazaxıstan prezidentlərinin 1998-ci ilin yanvarında Xəzərin statusu ilə bağlı qəbul etdiyi "Birgə Bəyanat" iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəlinə bilinəcəyini göstərdi. Həmin ilin iyulunda isə Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalandı.

Bundan sonra Azərbaycan və Rusiya arasında 2001-ci ilin yanvarında imzalanmış "Xəzər dənizində birgə fəaliyyət" haqqında Bəyanatda "Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi" prinsipi öz əksini tapdı. Üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki olaraq "Xəzərin statusu" problemini üç ölkə - Rusiya, Qazaxıstan və Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edirdi ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır.

Dünya təcrübəsində orta xəttin "xüsusi vəziyyətlər" nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi var. Amma rəsmi Aşqabad “orta xəttin” müəyyən edilməsi zamanı Abşeron yarmadasının və Çilov adasının nəzərə alınmamasını istəyirdi. Azərbaycanın su ərazisinin başlanğıcının dənizə çıxan “çıxıntı” (xəritədə görünən “qartalın burun”) hissədən deyil düz xətdən müəyyən edilməsini tələb edirdi.

Beynəlxalq dəniz hüququna görə dövlətlərin dəniz sərhədləri açıq dənizdə yerləşən adadan deyil, ölkənin əsas quru hissəsinin dəniz sərhəddindən müəyyən edilir. Lakin, adaların ərazisinin həcmindən aslı olaraq mühafizə zonası verilir.

Yuxarıda bildirdiyim kimi Xəzər qapalı su hövzəsi olduğu üçün Azərbaycan su ərazilərinin müəyyən edilməsində “Beynəlxalq dəniz hüququnun” normalarının bura şamil olunmasının tərəfdarı deyildi və qapalı su hövzəsi ilə bağlı razılaşmanın tərəflər arasında olmasını istəyirdi. Azərbaycanın bu mövqeyi ilə Rusiya və Qazaxıstan da razı olduğuna görə tərəflər arasında “üç tərəfli” müqavilə bağlanmışdır.

Üç ölkə arasında razılaşma digər tərəflərin də məsələyə çoxluq prizmasından yanaşmalarını məcbur etdi. Buna görə də sahilyanı tərəflər Xəzərin statusu ilə bağlı Qazaxıstanın Aktau şəhərində 2018-ci il avqustun 12-də Konvensiya imzaladılar.
Tərəflər Xəzər dənizinin siyasi, iqtisadi, sosial və mədəni əhəmiyyətini qəbul edərək, “daxili sular”, “ərazi suları”, “balıqçılıq zonası”, “ümumi su məkanı”, “sektor”, “su bioloji resursları”, “birgə su bioloji resursları”, “hasilat”, “hərbi gəmi” və “Xəzər dənizinin ekoloji sistemi” kimi məsələlər haqqında razılığa gəldilər.

Əsas mübahisə mövzusu olan sərhədlərin müəyyən edilməsi Xəzərə çıxan son quru nöqtədən götürülərək 15 dəniz mili (1 mil 1,8 km-dır) və ona bitişik 10 dəniz mili balıqçı sahəsi müəyyən edilmiş və dövlətlərə məxsus su ərazisinin təkinin işlənməsi müstəsna hüquq kimi onlara verilmişdir.


Yalçın Hacızadə
Ana Vətən partiyası sədrinin müavin
i

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ