Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - YENİLƏNİB+VİDEO

İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - YENİLƏNİB+VİDEO



Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Sədr.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.

Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.

Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.

2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.

Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.

Bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi Sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun.



19:05

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilir.

Bu gün və sabah BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.

İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.

Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.

Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.

Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ