Sizin reklam burada
Sizin reklam burada

Qarabağa qayıdış Bakıda evləri ucuzlaşdıracaq - Ekspert danışır

Qarabağa qayıdış Bakıda evləri ucuzlaşdıracaq - Ekspert danışır



Hazırda ölkənin qarşısında duran başlıca məsələ vaxtilə Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşən insanları öz yurd-yuvasında məskunlaşdırmaqdır.

Bunun üçün ilk növbədə həmin ərazilərdə bərpa - tikinti işləri aparılmalıdır.

Qarabağa qayıdış planı Azərbaycanda ikinci “tikinti bumu”nun yaranmasına səbəb olacaqmı? Məcburi köçkünlərin bir qisminin işğaldan azad olunmuş ərazilərdə yerləşdirilməsi və bununla Bakıda əhali sayının seyrəlməsi əmlak bazarına necə təsir edə bilər?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda "tikinti bumu"nun başlanacağı şübhəsizdir:

“Hesab edirəm ki, Azərbaycan hökuməti bütün resurslarından istifadə edərək işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması, əhalinin ora köçüb yaşaması üçün bütün imkanlarından istifadə edəcək. Bu təkcə Azərbaycan hökumətinin gücü ilə olmayacaq. Bu məsələdə dost, mütəfiq ölkələr də ölkəmizə yardımçı olacaq. Artıq indidən bu cür təkliflər səslənməkdədir. Qarabağ bölgəsində və ətraf rayonlarda müşahidə olunacaq bu “tikinti bumu” Abşeron yarımadasında cəmləşmiş əhalinin azalmasına səbəb olacaq. Həmin əhalinin bir hissəsi işçi olaraq, digər bir qismi isə dövlət məmuru olaraq yaradılan infrastrukturlarda çalışmaq üçün ora köçəcək. Artıq Fövqaladə Hallar Nazirliyinin müvafiq qurumunun yaradılması ilə bağlı xəbərlər verilib. Bu kəndlər, şəhərlər bərpa olunduqdan müəyyən qədər sonra məcburi köçkünlər o ərazilərə köçürüləcək. Bunlar Abşeron rayonunun yükünün azalmasına, müəyyən qədər sıxlığın aradan qalxmasına səbəb olacaq”.

İqtisadçı deyir ki, Bakı şəhəridə əhali sıxlığının aradan qaldırılmasının əsas şərtlərindən biri də ölkə iqtisadiyyatının regionlar üzrə yayılmasıdır:

“Hazırda Azərbaycanda disbalans iqtisadiyyatı hökm sürür. Dövlət büdcəsinin, ölkə ixracaatının 90 faizindən çoxu Abşeron yarımadasında formalaşır. Ərazilərimizin işğaldan azad olunması bu disbalansın aradan qaldırılması üçün bir fürsətdir”.

Akif Nəsirli deyir ki, “tikinti bumu”-nun başlanması daşınmaz əmlak bazarında ucuzlaşma yaradacaq:

“Bakıda çalışan işçi qüvvəsinin bir hissəsi paytaxtda kirayədə qalır. Bundan sonra həmin evlər boş qalacaq və bir qismi satışa çıxarılacaq. Məcburi köçkünlərin yaşadıqları mənzillər də hansısa formada ehtiyacı olan digər vətəndaşlara təklif olunacaq. Çünki o mənzillər qaçqınlara şəxsi mülkiyyət olaraq verilməyib. Bunlar da bazarda təklifi artırıb, tələbi azaldacaq. Bu baxımdan da hesab edirəm ki, proseslər inkişaf etdikcə - bu proseslər təxminən bir il sonra başlanacaq - paytaxtda daşınmaz əmlak bazarında ciddi ucuzlaşma baş verəcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ