Sizin reklam burada
Sizin reklam burada

Bank sektoru ciddi TƏLATÜM qarşısında... - TƏFƏRRÜAT

Bank sektoru ciddi TƏLATÜM qarşısında... - TƏFƏRRÜAT




Azərbaycan banklarının bir neçəsinin ciddi problemləri var. Bununla bağlı yayılan məlumata görə, yaxın vaxtlarda bir neçə bankla bağlı sərt addımlar atılacaq. Bu addımlardan biri bankların birləşməsini nəzərdə tutur. İlin sonunadək problemləri olan 4-5 bankın daha yaxşı vəziyyətdə olan banklara birləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin aprelində bank sektorunun tənzimləyicisi olan Mərkəzi Bankın qərarı ilə 4 bankın lisenziyası geri alınıb. Bunlar “Atabank”, “Amrahbank”, AGBank və “NBCbank”dır. Bu bankların vəziyyəti ilə bağlı danışan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov qalan bankların bəzilərində də problemlərin olduğunu bildirmişdi. Onun sözlərinə görə, Mərkəzi Bank (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb: “Həmin banklar sağlam banklardır, öhdəliklərini yerinə yetirirlər. Onların adekvatlığı yüksəkdir, sadəcə, məcmu kapitalları müəyyən edilmiş tələbdən aşağıdır. Bu ilin sonuna qədər həmin bankların nizamnamə kapitallarının (dolayısı ilə məcmu kapitallarının) artırılması istiqamətində iş aparırıq”.

E.Rüstəmov həmçinin bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcəyini deyib: “Bu, xoşagəlməz halların təkrarlanmaması üçün lazımdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq”.

Qeyd edək ki, 31 iyul 2020-ci il tarixinədək Azərbaycandakı 26 bank 2020-ci ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin ilk 6 ayını 26 bankdan 21-i xalis mənfəətlə, 5-i isə xalis zərərlə başa vurub. Ən çox mənfəət əldə edən bank Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank, Xalq Bank və Express Bank-dır.

Ən çox xalis zərəri olan banklar isə “Yelo Bank”( 13 milyon 583 manat), “Muğanbank”(1 milyon 880 min manat), “Bank Avrasiya”dır(1 milyon 578 min manat). “Pakistan Milli Bankı”n ın Bakı filialının zərəri 233 min manat, BankBTB-ninki isə 107 min manat təşkil edib.

Zərərlə işləyənlərdən əlavə, çox cüzi gəliri olan banklar da var. Bunlar arasında ən aşağı gəliri “Azərtürkbank”(26 min manat), Bank Melli İran(461 min manat), YapıKrediBank Azərbaycan (472 min manat) və “Gunaybank”(618 min manat) əldə edib.

Bankların birləşməsi hazırkı vəziyyətdə nə qədər arzuolunan prosesdir? Bu proses bankların əmanətçiləri, onlardan kredit götürən şəxslər üçün hər hansı problem yarada bilərmi?

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, aprel-mayda 4 bankın bağlanması göstərdi ki, bir çox hallarda bankların ictimaiyyətə açıqladıqları məlumatlar reallıqdan uzaqdır: “Məlum oldu ki, dörd bankın dördünün də kapitalı nəinki 50 milyon manatlıq normadan aşağıdır, hətta mənfiyə gedibmiş. Lakin biz bunu onların hesabatlarında görmürdük. Ona görə də bankların hesabatları əsasında fikir söyləmək mümkün deyil. Amma bir neçə bank var ki, onların ”reanimasiyada" olduğun söyləmək olar. Bu bankların taleyi necə olacaq - yaxşılaşıb “palata”ya köçə biləcəklər, yoxsa bağlanacaqlar, bunu söyləmək çətindir".

Ekspertə görə, vəziyyəti yaxşı olmayan bankların birləşməsi pozitiv prosesdir: “Təəssüf ki, bu təcrübədən Azərbaycanda indiyədək cəmi bir dəfə yararlanıblar. İkisi də eyni mənbəyə bağlı olan ”Atabank" və “Caspian DevelopmentBank” birləşmişdi, amma sonuc müsbət bitmədi. Bankların bağlanmasındansa, birləşmələri daha səmərəli yoldur. Bağlanmanın psixoloji yükü var, bank bağlanan əhali arasında sektora inam azalır. İkinci tərəfdən, banklara qoyulan əmanətlərin batması təhlükəsi aradan qalxır. Xüsusilə qorunmayan əmanət sahibləri üçün problem yaranmır. Çünki qorunan əmanətlərin sahibləri bank bağlananda çox cüzi zərərə düşürlərsə, qorunmayan əmanətlərin sahibləri üçün bunu söyləmək mümkün deyil. Kredit götürən şəxslər üçünsə bankın bağlanması və birləşməsi demək olar ki, təsirsiz gedir".

S.Əliyevin fikrincə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun icra müddəti bitənədək Mərkəzi Bank problemləri olan banklarla bağlı qəti addımlar atacaq: “Bağlanası bank varsa, dekabrın 4-dək bunu edəcəklər”.

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə isə adətən vəziyyəti pisləşən banklar barədə məlumatlar yayıldıqdan bir qədər sonra onlar bağlanırlar: “Bankların vəziyyətini pisləşdirən bir neçə amil var. Bunların ən birincisi pandemiyadır. Pandemiya şəraitində əhali banklardan əmanətlərini çıxarır, kredit vermək imkanları məhdudlaşır və sair. Bu baxımdan, bankların durumunun daha da pisləşməsi gözləniləndir. Düşünmürəm ki, vəziyyəti pisləşən bankların birləşdirilməsi ilə uğurlu nəticə əldə etmək mümkün olsun. Səmərəni o zaman əldə etmək mümkündür ki, yaxşı işləyən bankla problemləri olan bank birləşdirilsin. Bu zaman problemli bankın çətinlikləri aradan qaldırılar və nəticədə hər iki tərəf səmərə əldə edər. Amma indiki şəraitdə belə birləşməni real görmürəm. Yeganə yol çətin vəziyyətdə olan bankların sahiblərinin onlara əlavə vəsait qoymaqla problemlərini həll etməsi ola bilər”.

Ekspertin sözlərinə görə, dövlət sistem əhəmiyyətli bankların bağlanmasına imkan verməyəcək: “Bunu Mərkəzi Bank rəhbəri Elman Rüstəmov da bəyan edib. Azərbaycanda sistem əhəmiyyətli banklar isə Beynəlxalq Bank, KapitalBank və PaşaBankdır ki, onların vəziyyəti də kifayət qədər yaxşıdır. Qalan bütün banklardan hansının vəziyyəti kəskin pisləşəcəksə, bağlanacaq. Bu baxımdan, müştərilər ehtiyatlı olmalıdılar. Bankların birləşməsi, yaxud bağlanmasının kredit götürənlərə heç bir təsiri yoxdur. Əmanətçilərə isə təsir ola bilər, xüsusilə də qorunmayan əmanətlərin sahiblərinə. Əgər bu il dekabrın 4-dən sonra hansısa bank bağlanarsa, qorunmayan əmanəti olan şəxslər üçün ciddi problemlər yaranar. Buna görə də vətəndaşlar bu amili nəzərə almalıdılar. Bankların bağlanmasından ən çox zərəri hüquqi şəxslər və müəssisələr çəkir. Onların bank hesablarında olan vəsaitlər demək olar ki, bütünlüklə itirilir. Dörd bankın bağlanması təcrübəsində biz bunu bir daha açıq gördük. Bu baxımdan, sahibkarları bank seçərkən son dərəcə diqqətli olmağa çağırıram”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ