ADPU-nun Quba filialı dünya universitetlərini bir ortamda topladı
May ayının 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı hazırda dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsinə böyük ehtiyac olduğundan ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq onlayn seminara ev sahibliyi etdi.
"Zoom" proqramı platforması üzərindən təşkil edilən Beynəlxalq Onlayn Seminarda Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünün, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kipir Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin təhsil sahəsində tanınmış məruzəçilərin və Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının, ADPU-nun filiallarının nümayəndələri iştirak etmişdir.
Konfransı giriş sözü ilə ADPU-nun rektoru professor Cəfər Cəfərov açıq elan edərək bildirdi ki, bu konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr edilmişdir. O qeyd etdi ki, biz təhsil ictimaiyyəti olaraq onlayn konfranslar vasitəsilə ünsiyyət qurur, təcrübə bölüşürük. Son dövrdə fərqli sürətlə onlayn təhsilə dair müəyyən uğurlar və nəticələr əldə etməyi bacardıq. Pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin bir neçə tərəfini düşünərək müxtəlif addımlar atırıq. Bu gün onlayn təhsilin üstünülüyü ondadır ki, harada olmağımızdan asılı olmayaraq istənilən şəraitdə müasir texnologiyaların köməyilə təhsil verə bilirik. Məkandan və zamandan asılı olmayan təhsilin qəbul edilməsi artıq müzakirə edilməyəcək bir mövzudur.
Daha sonra ADPU-nun tədris işləri üzrə prorektoru moderator dosent Eldar Aslanov seminarda çıxış edənlərə, izləyicilərə xüsusi təşəkkürünü bildirib və onlayn təhsillə bağlı təcrübələrin bölüşdürülməsinin mövcud şərait üçün çox əhəmiyyətli olmasını vurğulayıb.
Seminarda çıxış edən məruzəçilər (dos. dr. Nevzat Özel. “Distant təhsilə keçid prosesi”, professor dr. Halil Güven "Gürcustan kampusunda rəqəmsal (onlayn) təhsil tətbiqləri", dr. Cavid Səfərov “Normal və onlayn texniki təlim arasındakı fərqlər və üstünlüklər”, dos. dr. Saleh Şahin “Coğrafi perspektiv COVİD-19 pandemik prosesin təhlili və təhsil yansımaları”, dos. dr. Mehmet Ali Dombaycı “Distant təhsil və bacarıqlı düşünmə bacarığı”, dosent Zəkay Şayev. “Azərbaycan Texniki Universitetində onlayn təhsilin vəziyyəti”, müəllim Saleh Dəmir “Onlayn qiymətləndirmə metodları”, dr. Leyla Ercan “Pandemiya prosesində tələbə psixi sağlamlığına distant təhsil ilə yansımalar”, dos. dr. Çələbi Uluyol “Pandemiya prosesində distant təhsildə təcrübə nümunələri və problemləri”, Orxan Hasanoğu “COVID-19 beynəlxalq problem kimi təhsilin qloballaşması yolunda”, dosent Ulanbek Mambetakunov “Karantin vaxtı uzaq kollektorun yoldaşı idi (Qırğızıstan nümunəsi)”, müəllim Süleyman Aksu “Tələbə üçün pandemiya prosesində tətbiq olunan distant təhsil sisteminin qiymətləndirilməsi”) əvvəlcə mövcud pandemiya şəraitində Azərbaycan təhsilinin inkişafı istiqamətində irəli sürülən belə novator təşəbbüsə görə, bu örnək addıma görə, həmçinin dünya universitetlərini bu təcrübə prosesi ətrafında toplamaq məqsədi ilə dəvət etdiyinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə, xüsusi olaraq ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevə təşəkkür ediblər. Daha sonra seminarda məruzəçilər tərəfindən onlayn dərslərin təşkili, məhdudiyyətlərə baxmayaraq məsafədən təhsilin üstünlükləri, onlayn tədrisin qurulması üçün istifadə edilən yeni platforma və texnologiyalar, onlayn imtahan prosesində qarşıya çıxacaq problemlər və onların həlli yolları haqqında təhsil təcrübələrini bölüşmüş, vurğulamışlar ki, dünyanın müxtəlif yerlərindən milyonlarla tələbə onlayn təhsil proqramını seçir və yaxud onlayn platforma vasitəsi ilə kolleclərdə heç olmasa bir kurs qazana bilir. Onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və bir şey öyrənmək istəyən hər kəs üçün geniş imkanlar açır.
Məruzələr bitdikdən sonra Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru İlham Pirməmmədov, Naxçıvan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək bu onlayn seminarın Azərbaycanda aili təhsilin onlayn təşkil edilməsində və onlayn imtahanların keçirilməsi sahəsində beynəlxaql təcrübənin öyrənilməsi baxımından önəmli saydılar.
Sonda moderator dosent Eldar Aslanov seminarın gedişi zamanı irəli sürülən fikirlərə, bölüşülən təcrübələrə görə məruzəçilərə və iştirakçılara öz təşəkkürünü bildirib və vurğulayıb ki, bugünkü onlayn seminarın bütün təşkilatçılıq proseslərinin öhdəsindən uğurla gəldiyinə, “0”dan başlayaraq belə möhtəşəm bir seminar təşkil etdiyinə görə Quba filiaın direktoru dosent Yusif Alıyevə və filial kollektivinə təşəkkür edib, sözü dosent Yusif Alıyevə verdi.
Çıxışına ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” deyimi ilə başlayan dosent Yusif Alıyev uğurla baş tutan və filial tarixində ilk dəfə ev sahibliyi edilən beynəlxalq seminardan dolayı böyük qürur hissi duyduğunu dilə gətirib, məruzəçilərə, iştirakçılara yorulmadan məruzə etdiklərinə, dinlədiklərinə və bundan sonra əməkdaşlıq üçün ifadə etdikləri qiymətli fikirlərə görə xüsusi təşəkkür edib, bildirib ki, onlayn təhsilin qarşıya çıxardığı problemləri həll etmək vacibdir, çünki ümumilikdə onlayn təhsil böyük səy tələb edir. O, sonda belə əhəmiyyətli tədbirlərin filial tarixində davamlı olmasını arzu edib, vurğulayıb ki, belə gərgin şəraitdə qurulan əlaqələr gələcəkdə bizlər üçün yeni imkanlar açacaq və bundan qazanan isə dünya təhsili olacaqdır.
Seminarda səslənən fikirlərin, ideyaların, yeniliklərin ilk dəfə olmasını və xüsusilə onlayn təhsilin tətbiqi üçün əhəmiyyətni göz önünə alaraq, beynəlxalq onlayn seminarı Azərbaycan təhsili üçün uğur adlandırmaq olar.
Onu da qeyd edək ki, seminarda məruzə edənlərə və iştirak edənlərə iştirakçı sertifikatları təqdim ediləcəkdir. Həmçinin 5 saatdan artıq davam edən Beynəlxalq Onlayn seminar “Zoom Video Communications” proqramı ilə həyata keçirilmiş və filialın rəsmi feysbuk səhifəsindən canlı yayımlanmışdır.