Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar olaraq onlayn "Ustad dərsləri" adlı yeni layihəyə start verilib.
Direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə "Ustad dərsləri" layihəsi çərçivəsində mayın 10-da YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşovla filialın tələbə və əməkdaşlarının görüşü keçirilib.
Onlayn görüş iştirakçılarını salamlayan filialın direktoru dosent Yusif Alıyev Ramiz Göyüşova təklifi qəbul etdiyinə görə təşəkkür edərək ona son zamanlarda filialda görülən işlər haqqında, həyata keçirilən önəmli layihələr və "Ustad dərsləri" layihəsi haqqında məlumat verdi. O qeyd etdi ki, gənc nəslin təlim-tərbiyəsində, sağlam ideyalar əsasında formalaşmasında Heydər Əliyev irsinin öyrənilməsinə, təhlil edilməsinə böyük ehtiyac olub və olacaq. Bunun üçün də filial rəhbərliyi onlayn "Ustad dərsləri" layihəsinə start verərək ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə filialın tələbə və gənc əməkdaşlarının silsilə görüşlərini təşkil etməyi planlaşdırmışdır.
Onlayn görüşdən məmnunluğunu ifadə edən Ramiz Göyüşov "Ulu öndər Heydər Əliyevin hakimiyyətinin müxtəlif dövrlərində fəaliyyətinin milli prinsipləri" adlı nümunəvi mühazirə deyib. O, dinləyicilərə ümummilli liderin idarəçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, ölkədə iqtisadi inkişafın prioritet istiqamətləri, YAP-ın yaradılmasının müasir Azərbaycan tarixindəki rolundan, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən, Heydər Əliyev ideya nəzəri irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və bu kimi müxtəlif fikirlər ətrafında məlumatlar verərək ulu öndərin Vətənə sədaqət prinsiplərinin dərinliyini açıqlayıb.
Sonda tələbə-gənclərin Ulu öndərlə bağlı çoxsaylı suallarını maraqlı arqumentlərlə cavablandıran YAP Binəqədi rayon təşkilatının sədri bu cür görüşlərin mütəmadi keçirilməsinin gənclər üçün önəmini qeyd edərək, görüşə görə filial rəhbərliyinə və təşkilatçılara təşəkkür və minnətdalığını bildirib.