Sizin reklam burada
Sizin reklam burada

Şuşalı riyaziyyatçılar haqqında

Şuşalı riyaziyyatçılar haqqında
Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhəri nəinki təbiəti, həm də yetişdirdiyi şəxsiyyətləri, alimləri, o cümlədən riyaziyyatçıları ilə məşhurdur. Məhəmməd Mustafayev, Cəlal Allahverdiyev, Maya Hacıyeva kimi məşhur riyaziyyatçılar bu torpağın yetişdirmələridir.İnsan bu alimlərin həyat və yaradıcılıqlarına nəzər yetirəndə onların necə şərəfli həyat yaşadıqlarının şahidi olur.
Məhəmməd Cəfərqulu oğlu Mustafayev 22 aprel 1914-cü ildə Şuşa şəhərinin Zarıslı kəndində anadan olmuşdur.Onun uşaqlığı Ağdamda keçmiş, sonradan ailəvi Bakıya köçmüş və orta təhsilini burda başa vurmuşdur. M.Mustafayev ali təhsilini 1935-1940-cı illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universitetinin) fizika –riyaziyyat fakültəsində almışdır. O,ali təhsil aldıqdan sonra ömrünün sonuna qədər bu ali təhsil müəssisəsində işləmişdir. Mustafayev bu elm ocağında laborant vəzifəsindən dosent vəzifəsinə qədər yüksəlmişdir.Mustafayev “Parabolik tipə yaxın xüsusi törəməli xətti diferensial tənliklər sistemi” mövzusunda dissertasiya işi yazaraq fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsini almışdır. O, dərsliklər yazmış, həmçinin xarici riyaziyyatçıların elmi əsərlərini və dərsliklərini doğma ana dilimizə tərcümə etmişdir. Gözəl riyaziyyatçı, fizika-riyaziyyat elmləri namizədi, dosent Məhəmməd Mustafayev 3 iyun 1982-ci ildə Bakıda vəfat etmişdir.
Azərbaycanın ilk riyaziyyatçı qadın alimi də gözəl Şuşamızda anadan olmuşdur. Maya Hüseynəli qızı Hacıyeva 1914-cü ildə Şuşa şəhərində anadan olmuş, əvvəl ibtidai , sonra realni məktəbi, daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) fizika-riyaziyyat fakültəsinə qəbul olaraq , oranı bacarıqlı və istedadlı tələbə kimi bitirmişdir. M.Hacıyeva 1935-38-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini davam etdirmişdir. Bundan sonra Maya Hacıyeva bir neçə ali məktəbdə elmi fəaliyyətlə məşğul olmuşdur. O, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, “Helmhols tənliyi üçün sərhəd məsələsi” mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmlər namizədi elmi adını almışdır. Bununla da Maya xanım Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşmüşdür. Müxtəlif dövlət mükafatları sahibi olan, fədakar elm xadimi, əvəzsiz şəxsiyyət Maya Hacıyeva 1999-cu ildə dünyasını dəyişmişdir.
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Cəlal Eyvaz oğlu Allahverdiyev 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olub. C.Allahverdiyev Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında oxumuşdur. Onun elmi rəhbəri məşhur riyaziyyatçı Mstislav Keldış olmuşdur. C.Allahverdiyev 1957-ci ildə “Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və qoşulmuş funksiyalar sisteminin tamlığı haqqında” namizədlik dissertasiyasını, 1968-ci ildə “Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında” doktorluq dissertasiyasının müdafiə etmişdir. Böyük riyaziyyatçı 1969-cu ildə professor elmi adı almış, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremidir. Bu teorem bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə də salınmışdır. O, 1957-60-cı illərdə Azərbaycan Dövlət Universitetində əvvəl müəllim, sonra baş müəllim işləmişdir.O, həmçinin Hesablama Mərkəzində şöbə müdiri, AMEA Kibernetika İnstitutuniun (indiki İdarəetmə Sistemləri İnstitutunun) “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri olmuşdur. C. Allahverdiyev Kibernetika İnstitutunda direktor müavini, direktor, Bakı Dövlət Universitetində elmi işlər üzrə prorektor, kafedra müdiri kimi məsul vəzifələrdə çalışmışdır. Bir sıra xarici dövlətlərdə mühazirələr oxuyan görkəmli alim həmişə Azərbaycanı yüksək səviyyədə təmsil etmişdir. Fizika-riyaziyyat elmləri doktoru olan C.Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Şuşasız dünyasını dəyişmişdir.
Bu gün Azərbaycanın dilbər guşəsi Şuşanın ermənilər tərəfindən işğalından 28 il ötür. Biz, Azərbaycan vətəndaşları inanırıq ki, tezliklə Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə işğal olunmuş torpaqlara, o cümlədən Şuşaya qayıdacağıq. Həmin torpaqlar yenidən məşhur alimlər, görkəmli şəxsiyyətlər, böyük riyaziyyatçılar yetişdirəcək.


Elnarə Buxsay qızı Axundova
ADPU Quba filialının Təbiət fənləri və onun
tədrisi metodikası kafedrasının baş müəllimi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ